Nəzarət mütləqdir! - Azyaşlıları heç bir halda evdə tək qoymaq olmaz


FHN-in müraciəti birmənalı şəkildə valideynlərə ünvanlanıb

  Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib. FHN-in saytında yerləşdirilmiş müraciətdə qeyd edilir ki, nazirliyin “112” “qaynar telefon xətti”nə mütəmadi olaraq uşaqların mənzildə, liftdə və digər məkanlarda köməksiz, o cümlədən müxtəlif təhlükəli vəziyyətlərdə qalmaları (əllərinin ətçəkən maşında qalması, əzalarının barmaqlıqlar arasında ilişməsi və s.) barədə məlumatlar daxil olur. Bütün hallarda hadisə yerinə operativ yetişən xilasedicilər uşaqları xilas edərək onları ailə üzvlərinə təhvil verirlər:

“Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir. Belə olduqda isə ətrafı hələ tam dərk etməyən, mümkün təhlükələrdən xəbərsiz olan uşaqların həyat və sağlamlığı üçün real təhlükə yaranır. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan maarifləndirmə işlərinə, dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüf ki, yenə də uşaqların təhlükəsizliyinə biganə qalan valideynlərə rast gəlinir.

 Yalnız ötən həftə ərzində Nazirliyin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalan 15 uşaq xilas edilib. Qeyd olunanları və uşaqların nəzarətsiz qalmasının onların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaratdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynlərə müraciət edərək uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır".

  Müraciətlə bağlı “Şərq”ə fikirlərini bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd etdi ki, bu müraciət, birmənalı şəkildə valideynlərə ünvanlanıb: 

- FHN-in müraciətində də qeyd edildiyi kimi, təəssüf ki, bunca xəbərdarlıqlara, maarifləndirməyə baxmayaraq uşaqların həyatı təhlükə altına düşür. Qeyd olunanlar ümumən cəmiyyət üçün xarakterik hallardır. Uşaqların mənzildə köməksiz qalması, FHN xilasedicilərinin köməyə gəlməsi son zamanlar intensiv xarakter almaqdadı. Əsas səbəb yenə də valideyn məsuliyyətsizliyidir. Valideynlər öz hərəkətlərinə səbəb axtarır, müxtəlif bəhanələr gətirirlər. “Uşağı tapşıracaq kimsə yoxdur”, “işləyirəm, vaxtım azdı”, “5 dəqiqəlik marketə “düşdüm” və sair. Amma bəzən faciələr elə bu 5 dəqiqədə, hətta nəinki 5 dəqiqədə, 1 dəqiqə və ya 1 anın içində baş verir. Uşağın eyvandan, yaxud pəncərədən boylandığı zaman yıxılması, mənzildə hansısa əşyanın uşağın üzərinə aşması, yaxud kəsici alətlə, yaxud kibritlə “oynayıb”, özünə xəsarət yetirməsi üçün 1-2 dəqiqə yetərlidir. Bu cür faciələr baş verdikdə, valideynlər ömrü boyu mənəvi əzab içində yaşayır. Özlərini günahlandırmaqdan başqa əllərindən bir şey gəlmir, ömür boyu əzab çəkirlər. Bunlar baş verməsin, nə uşaqlar fəlakətlə üzləşsin, nə də valideynlər ömrü boyu tənəli qalsın deyə, məsuliyyət hissi əsas olmalıdır. 

  E.Nurəliyev qeyd etdi ki, azyaşlıları heç bir halda evdə tək qoymaq olmaz: 

- Mənzildə tək qalmaq uşaqda psixoloji sarsıntı yarada bilər. Uşaq hansısa yad səsdən qorxar, qarabasma olar. Uşaqlar çox zaman evə yad adamların daxil ola biləcəyindən, onlara xəsarət yetirə biləcəyindən qorxurlar. Mənzildə tək qalan uşaqda bu qorxu hissi daha da artır. Görür ki, anası, atası yanında deyil, özünü tək, köməksiz hiss edir. Bu cür hallar uşaqlarda erkən yaşda psixoloji travmaların əmələ gəlməsinə, uşağın xəstələnməsinə səbəb olur. Təhlükə baxımından da uşağın evdə tək, nəzarətsiz qalması düzgün deyil. 

Əgər valideyn buna məcburdursa, yenə də bütün mümkün təhlükə ehtimalları sıfıra endirilməlidir. Ana, ata uşağı müəyyən müddətə mənzildə tək qoyub gedirsə, doğrusu budur ki, elektrik cərəyanını da, qaz xəttini də tamamilə bağlasın. Mənzilin mütləq ehtiyat açarı olmalıdır. 

Bu açar, əgər yaşayış binasıdırsa, binanın komendantına verilə bilər ki, hansısa təhlükə baş verərsə, mənzilin qapısını aça bilsinlər. Uşaqlar üçün təhlükə yarada biləcək əşyalar açıq, görünən, əlçatan yerdə qoyulmamalıdır. Uşaqlara hansı əşyaların təhlükəli olduğu başa salınmalıdır. 

Əlbəttə, daha yaxşı olar ki, uşaqlar böyüklərə, nənələrə, babalara tapşırılsın. Lakin son illərdə ailə institutunda gedən dəyişiklik gənc valideynləri bu əsas köməkçilərdən məhrum edib. Bu isə ciddi sosioloji problemdir.