Qız uşaqları təhlükədə! - Ətraf cinayətə meyilli insanlarla doludur

Onlar indi də ali təhsil müəssisələrinə, orta məktəblərə ayaq açıblar

Psixoloq: "Hər kəs öz təhlükəsizliyini, psixoloji sağlamlığını qorumalıdır. Diqqətli, ayıq-sayıq olmalıdır. Çünki bu gün müxtəlif psixoloji problemləri olan insanlar var"

  Paytaxtda manyaklar peyda olub və ağlasığmaz, iyrənc hadisələr törədirlər.  Hadisələrdən biri məktəbli, digəri isə tələbə qızlarla bağlıdır. Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti  yaxınlığında naməlum şəxs dərman almaq adı ilə gənc qızlara yaxınlaşaraq, onların xeyirxahlığından sui-istifadə edir. Hadisə barədə informasiya ADU tələbələrinin sosial şəbəkələrdə paylaşım etmələri hesabına tirajlanıb. Tələbə qızların yazdığına görə, yaşlı bir kişi ADU-nun Təbriz küçəsindəki korpusunun yanında dayanaraq, universitetin qız tələbələrinə yaxınlaşır və onlara pulunun dollar olduğunu deyərək, onunla aptekə getmələrini və dərman almasına yardım etmələrini xahiş edir.

İddia edilir ki, bir neçə gün əvvəl ADPU tələbəsi olan bir qız həmin şəxsin yalanına inanıb və onunla birlikdə dərman almaq üçün aptekə gedib. Bu hadisədən sonra gənc qız 2-3 gün yoxa çıxıb. Yoxa çıxan tələbənin yoldaşları onun həmin şəxs tərəfindən qaçırıldığını iddia edib. Geri qaytarıldıqdan sonra isə qız intihar edib. Həmin şəxsin yenə eyni yerdə dayanaraq, tələbə qızları aldatmağa davam etdiyi bildirilib.
  Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Sosial şəbəkələrdə yayılmış iddialardan məlumatlıyıq. Hazırda araşdırma aparılır".
  Digər hadisə isə paytaxtın Nərimanov rayonunda orta məktəbdə baş verib. Məktəbli qızın cinsi qısnamaya məruz qalması barədə avtosfer.az-a həmin məktəblinin atası məlumat verib. Atanın sözlərinə görə, 11 yaşlı qızı dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib: “Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı zəng edib, tez özünü məktəbə çatdır. Mən məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb. Həmin şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə yaxasını açaraq onu cinsi qısnamaya məruz qoyub”.

  Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb. Hadisə ilə bağlı hazırda Nərimanov Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmalardan sonra həmin şəxsin əməli törədib-törətmədiyi məlum olacaq.

  “Şərq”ə açıqlamasında psixoloq Elnur Rüstəmov baş vermiş hadisələrin psixoloji aspektlərini təhlil etdi: 

- Bu hadisələri 2 qismə bölə bilərik. Orta məktəbdə baş vermiş hadisə faciəvidir. Bildiyim qədər hadisə ilə bağlı hüquqi müstəvidə iş aparılır. Məncə, biz bu hadisədə məktəbli qızın valideyninə xəbər verməsi məqamına fokuslanmalıyıq. Firkir verin, məktəbli qız təhlükə anında valideyninə zəng edir, onu xəbərdar edir və kömək istəyir. Bu, çox vacib və diqqət edilməli məqamdır. Bu onu göstərir ki, həmin ailədə uşaqla valideyn arasında isti, səmimi münasibətlər mövcuddur. Uşaq bunu bildiyindən, valideynin ona yardım edəcəyinə əmin olduğundan təhlükə anında dərhal valideynini arayır. Psixoloji problemləri olan, cinayətə meyilli insanlar adətən qurbanlarını qorxutmaq, hədə-qorxu gəlməklə əldə etməyə çalışırlar. Məsələn, hədəfə yaxınlaşaraq ona “səsini çıxarsan, öldürərəm, kəsərəm…” deyib öz çirkin əməllərini həyata keçirməyə çalışırlar. Bu məqamda insan kömək ala biləcəyi birisinin olduğuna əmindirsə, qışqırır, çığır-bağır salıb yaxınından, ailəsindən, evdən kənardadırsa ətrafdakılardan yardım istəyir. Cinayətə meyillənmiş adam bu halda özü qorxub çəkinə və uzaqlaşa bilir. Amma hədəf susqun qalırsa, təhdidlərdən qorxursa və daha təhlükəlisi – valideyninə xəbər verməkdən çəkinir, hətta qorxursa, belədə onun qurbana çevrilmə ehtimalı daha da artır. Yəni biz yenə də  ailədə valideyn-övlad münasibətlərinin normal, isti, səmimi olması, eyni zamanda cəmiyyətin də yardımsevər olması üzərində dayanırıq. Nərimanov rayonundakı orta məktəbdə baş vermiş çirkin hadisə məhz məktəblinin valideyninə xəbər verməsi sayəsində məlum olub. Şəxsən bu məni rahatladır ki, məktəbli valideynindən qorxmayıb, çəkinməyib, ilk olaraq anasına zəng edib, kömək istəyib. Təcrübədən çıxış edərək deyə bilərəm ki, bir çox uşaqlar, yeniyetmələr məhz valideynlərindən çəkindikləri üçün, valideynləri ilə aralarında səmimi münasibətlər olmadığı, “anam, atam bilsə məni danlayacaq, günahı məndə görəcək” kimi səhv düşüncədən, əslində isə valideynin kobud, övladına qarşı inamsız rəftarından doğan düşüncədən çıxış edərək oxşar hadisələr baş verdikdə onları gizlədir, heç kimə demirlər. 

Bəzən bu cür hadisələr çox sonralar – üzərindən 3-4 il keçdikdə məlum olur. Bütün bu illər ərzində isə uşaq sıxılaraq yaşayır, psixoloji sarsıntı da keçirir. Deməli, valideynlə uşağın dostluğu böyük əhəmiyyət daşıyır. İkinci məsələ, uzun illərdir bizim tövsiyə etdiyimiz məsələdir; orta məktəblərdə cinsi maarifləndirmə ilə bağlı tədbirlər keçirilməli, məlumatlandırma işləri aparılmalıdır. Şagird bədənini – özünü tanımalıdır. Bunun yolları, metodları var. Bu ona görə vacibdir ki, şagird, yeniyetmə özünü tanıyarsa, müdafiə oluna biləcək. 
  Tələbə qızlarla bağlı baş vermiş hadisəyə gəlincə, psixoloq burada xalqımızın yardımsevərlik xüsusiyyətindən sui-istifadə edildiyini bildirdi: - Uşaq vaxtından hamımızı belə tərbiyə ediblər ki, yaşlı insana kömək et, köməksizə əl tut, yardıma ehtiyacı olana yardım et. Bunlar humanizm prinsipləridir, əlbəttə, xalqımızda da yanımcıllıq hissi daha da güclüdür. Cinayətə meyilli insanlar, tüfeyli həyat tərzi keçirənlər də insanların duyğularından “məharətlə “ istifadə edir. Cəmiyyət artıq dəqiq bilir ki, əl açıb dilənənlər, “körpəsi üçün”, “xəstə uşağı üçün” pul istəyənlər yalançıdır, o pulu uşağa, körpəyə görə istəmir. Amma o fırıldaqçıların yapışdığı dəyər bizi tərpədir. İnsanların duyğularına təsir edirlər çünki. İnsanlar həqiqəti bildikləri halda yenə də duyğularına yenilib bu şəxslərə pul verirlər. Bunu da “başıma sadağa, qoy məndən çıxsın”, “istəyənin bir üzü qaradır, verməyənin iki üzü” kimi yenə də duyğusal davranış tərzinə bağlayırlar.  Burda diqqət etməli olduğumuz məqam nədir:  biz XX əsrdən tamam fərqli, yeni bir dövrdə yaşayırıq. İnsanlar arasındakı ünsiyyət fərqli formalarda tənzimlənir artıq. Hər kəs öz təhlükəsizliyini, psixoloji sağlamlığını qorumalıdır. Diqqətli, ayıq-sayıq olmalıdır. Çünki bu gün müxtəlif psixoloji problemləri olan insanlar var. Onların hədəfinə tuş gəlmək və qurbana çevrilməmək üçün özümüzü qorumağı bacarmalıyıq. Hüquq-mühaifizə orqanları hüquqi müstəvidə işini görür. Amma hədəfə çevrilən insanın yanında polis həmişə olmaya bilər. Tələbə qızlar əgər həqiqətən də kiminsə hədəfinə çevrilibsə, deməli, onlar ayıq-sayıqlıqlarını itiriblər. 

Tələbə qıza edilən təklif qarşılığında o mütləq kiminləsə getməliydi. Tanımadığı şəxslə heç bir halda təkbaşına harasa getməməliydi. Tələbə yoldaşları da maraqlanmalıydılar ki,  o hara gedir, niyə gedir? Müşahidə etməliydilər, onu çəkindirməliydilər, yaxud da onu tək buraxmamalıydılar. Müasir gənclərin belə ehtiyatsız, düşünülməmiş hərəkətləri təəssüf doğurur. Deməli, təkcə orta məktəblərdə deyil, ali məktəblərdə də müasir dövrün tələbləri və reallıqlar barədə maarifləndirməyə ehtiyac var. Son zamanlar narkomaniyanın artması da bunu vacib edir. Məktəblilərə müxtəlif aldadıcı təkliflər edilirsə gənclərə də edilə bilər. Hamı, hər kəs ayıq olmalıdır. Təhlükə anında hara, kimə müraciət edəcəyini bilməlidir. Bu həm polisdir, həm təhsil müəssisəsi rəhbərliyi, həm də ailə. İstər uşaq olsun, istər yeniyetmə, istərsə də gənc, yardımı və dəstəyi ilk növbədə ailəsindən alacağına əmin olmalıdır.