Bakıda azyaşlıları dilənçiliyə məcbur edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsi, Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə Bakı metrostansiyalarında dörd azyaşlını dilənçiliyə sövq edən 1984-cü il təvəllüdlü R.Məmmədova saxlanılıb.
O, qohumlarının övladlarını dilənçiliyə sövq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallara baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Məmmədova 10 gün müddətində inzibati həbslə tənbeh edilib.
Azyaşlıların valideyinləri Polis Şöbəsinə dəvət olunaraq profilaktiki söhbətlər aparıldıqdan sonra övladları onlara təhvil verilib.