Meşə yanğını ekologiyaya vurulan ağır zərbədir


Hər bir vətəndaş təbiəti mühafizə etməyə borcludur
Ağac qırğınını dayandırmağa çalışmaq lazımdır
Ekologiya və ətraf mühitin mühafizəsi
  İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinə başlanılıb. Birliyin məlumatında qeyd olunur ki, payız ağac əkini mövsümündə Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan xüsusi proqram çərçivəsində yanğınlardan zərər görmüş sahələr təmizlənərək əkinə hazır vəziyyətə gətirilir. Kampaniyanın ilk günü Şabran rayonunun yanğına məruz qalmış meşə fondu sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə 2 hektar ərazidə 2000 ağac tingi əkilib və 200 kiloqram palıd toxumu səpilib. IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı meşə fondu torpaqlarının yanğına məruz qalmış ərazilərində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun, meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlif cinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub. Təəssüf ki, yay mövsümündə isti və quraq hava şəraiti, əsasən də insan faktoru, ehtiyatsız davranışlar nəticəsində ölkənin müxtəlif bölgələrində meşə yanğınları baş verib və hektarlarla meşə fondu sahəsi yanğından zərər görüb. Son illər iqlim dəyişmələri fonunda qlobal istiləşmə səbəbindən planetdə meşə yanğınları artır, ilbəil miqyası genişlənir. Bu şəraitdə insanların odla ehtiyatsız davranışı, yaşıllıqlara olan etinasızlığı daha çox ərazilərin yanğına məruz qalmasına, daha böyük fəsadların, o cümlədən ağacların məhvinə, ətraf mühitin və biomüxtəlifliyin, kənd təsərrüfatı sahələrinin ciddi zərər görməsinə səbəb olur. Bu səbəbdən torpaq sahibləri, fermerlər, turistlər və bütün vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, yanğınlara şərait yaradan hallara yol verməməlidir. Meşə ilə örtülü sahələr Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. Meşələr bizi təmiz hava və sağlam məkanlarla təmin edir. Onlar suyu təmizləyir, torpaqlarımızı eroziya, daşqın və digər təhlükələrdən qoruyur, yerli və qlobal iqlim şəraitini tənzimləyir, planetimizin flora və faunasının 80 faizinə ev sahibliyi edir, yanacaq istifadəsindən əmələ gələn karbon qazının 1/3-ni udmaqla, iqlim dəyişikliyi ilə mübarizədə bizə kömək edir. Meşə ehtiyatları ölkəmizin, xüsusən regionların iqtisadi inkişafına və ümumiyyətlə, insanların dolanışığına böyük töhfə verir. Bütün bunları nəzərə alaraq, meşələrin bərpası və genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusən də Məqsəd 3 (Səhiyyə və rifah), Məqsəd 13 (İqlim dəyişikliyi), Məqsəd 15 (Torpaq ekosisteminin mühafizəsi) və digər məqsədlərə nail olunmasına xidmət edir. “Yanğından yaşıllığa” kampaniyasının təşkilatçıları vətəndaşları əvəzedilməz həyat mənbəyi olan meşələrimizi qorumağa, ölkəmizin və planetimizin dayanıqlı gələcəyini təmin etməyə dəstək olmağa çağırır.
  Başladılan kampaniya ilə bağlı fikirlərini “Şərq”lə bölüşən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, hər bir vətəndaş, daha böyük masştabda götürüldükdə isə planetimizin sakini olan hər bir insan təbiəti mühafizə etməyə borcludur. Çünki bəşər övladı təbiətin bir parçasıdır. Təbiəti məhv etməklə insan özünün məhvini yaxınlaşdırır:
"Çox sevindiricidir ki, son zamanlar təbiətin mühafizəsi, ekologiyanın qorunması, dirçəldilməsi istiqamətində görülən əməli işlərlə yanaşı, geniş maarifləndirmə işləri də aparılır. Metropoliten daxilində - stansiyalarında, vestibüllərdə ekologiyanın mühafizəsinə çağırış edən təbliğat lövhələri vurulub. Lövhənin birində qeyd edilir ki, “24 saat içində bir ağac orta hesabla üç nəfərin tənəffüsü üçün lazım olan oksigen sintez edir”, 1 ağac 3 nəfərlik ailənin illik tənəffüsünü təmin etməyə qadirdir. Mən inanıram ki, bu lövhəni görən, ona diqqət edən sərnişinlərdə ağacların qorunmasına həvəs yaranır və insanlar anlayır ki, yaşıllıqları qorumaq lazımdır, ağacları kəsmək olmaz, belə bir hadisənin baş verdiyini bildikdə, dərhal əlaqədar qurumlara xəbər vermək, ağac qırğınını dayandırmağa çalışmaq lazımdır. Yay mövsümü boyunca müxtəlif bölgələrdə meşə massivlərindəki yanğınlar barədə məlumatlar verilirdi. Meşə yanğını ekologiyaya vurulan ağır zərbədir. Meşələrin bəşəriyyətdə necə önəm daşıdığını bilmək üçün bir-iki fakt yetərlidir. Məsələn, günəşli bir gündə bir hektar meşə sahəsi havadan 220-280 kiloqram karbon qazı udur və 180-200 kiloqram oksigen buraxır. Bir hektar iynəyarpaqlı ağac ildə 40 tona qədər, yarpaqlı ağaclar isə təxminən 100 tona qədər toz tutur. 1 hektar meşə 200 nəfərin nəfəs almasını təmin edir. Faktları artırmaq da olar, amma elə bu bir-iki kəlmə də yaşıllıqların, meşə massivlərinin necə önəmli olduğunu təsdiq etməyə yetir".
  V.Tofiqli təbiətin bərpası prosesində yerli bələdiyyələrin də iştirakının vacib olduğunu bildirdi:
" Dövlət Ekoloji Ekspertiza Agentliyində Xəzər rayon icra hakimiyyəti rəsmilərinin, bələdiyyə nümayəndələrinin, həmçinin media təmsilçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin yaşıllıqların monitorinqi, mühafizəsi və onların götürülməsi üçün mövcud prosedurların izahı, həmin qurumların bu sahədə üzərinə düşən öhdəliklərinin müzakirəsi olub. Görüşdə yaşıllıqların götürülməsinə dair ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, bələdiyyələr və icra hakimiyyəti orqanlarına yaşıllığın götürülməsi üçün verilmiş rəylərin icra vəziyyətinin müzakirəsi, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması, yaşıllıqların mülkiyyətçilərinin üzərinə düşən vəzifə və öhdəliklər müzakirə olunub. Bu, onu göstərir ki, yerli bələdiyyələr təbiətin bərpasında əhəmiyyətli iş görə bilər və harda ki, bu işlər birgə əməkdaşlıq çərçivəsində aparılır, orada müsbət nəticələrə nail olunur. Ekologiyanın bərpası dedikdə təkcə yaşıllıqların, meşə massivlərinin bərpası üzərində dayanılmamalıdır. Ətraf mühitin təmizliyi də ekoloji sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Bizə daxil olan məlumatlara görə, hazırda ölkəmizin müxtəlif bölgələrində payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində abadlıq və təmizlik işləri də aparılır. Bu cür tədbirlər İsmayıllıda, Gədəbəy rayonunda keçirilib. Məsələn, Gədəbəydə bələdiyyələrin köməkliyi ilə şəhərin Şır-şır adlanan ərazisində təmizlik və abadlıq işləri aparılıb. Bələdiyyə qulluqçularının və könüllülərinin iştirakıyla keçirilən iməcilikdə ətraf ərazi zibil tullantılarından təmizlənib. Bələdiyyənin qərarıyla yaxın gələcəkdə həmin ərazidə əhalinin mədəni istirahəti üçün şərait yaradılması nəzərdə tutulur. Belə işlər ətraf mühitin mühafizəsi üçün çox önəmlidir".
  V.Tofiqli qeyd etdi ki, ölkəmizə qarşı ekoloji terror 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törədildi. Bu ekoloji terrora 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəylə son qoyuldu. İndi isə yaraların sağaldılması zamanıdır:
"Xatırladım ki, bir müddət əvvəl Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qeyd etmişdi ki, işğaldan azad edilmiş Zəngilan şəhəri "ağıllı" və "yaşıl" şəhər konsepsiyalarına uyğun bərpa edilən regional mərkəzdir. İşğal dövründə məhv edilmiş ekosistemin bərpası üçün Zəngilan rayonunda 20 min çinar ağacı və min kiloqram palıd toxumu əkilib. Bundan başqa, Ağalı kəndində 3 mindən çox müxtəlif ağac əkilib. Zəngilanda yaşayış rayonları park zonalarına inteqrasiya olunacaq. Bu o deməkdir ki, yaşayış binaları bir tərəfdən yerli materiallar istifadə olunmaqla, digər tərəfdən müasir texnologiyaların vasitəsilə yüksək standartlarla inşa edilərək park rayonunun planlama və dizaynına inteqrasiya olunacaq. Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin baş planına uyğun olaraq "ağıllı" şəhərlər və kəndlər, "yaşıl" iqtisadiyyat və dayanıqlı inkişaf kimi konsepsiyalar reallaşdırır. İşğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası, ərazilərin, şəhərlərin yaşıllaşdırılması əsas prioritetlərdəndir. Hesab edirəm ki, qısa zamanda müsbət nəticənin əldə olunması üçün bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi də vacibdir".