Onların haqqı ödənməlidir...



  "Sosial sahədə qanunların qəbulu zamanı qazilərlə bağlı məsələ mütləq nəzərə alınmalıdır". Bunu Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. N.Cəfəroğlu qeyd edib ki, QHT-lər bir sıra qanun layihələrinin qəbulu zamanı müzakirələrə çağırılmalıdır: “Bu gün bir çox qazi şikayət edir. Halbuki onlar bizim namusumuzu, qeyrətimizi geri qaytarıblar. Bu gün biz başıuca, alnıaçıq şəkildə sözümüzü deyə biliriksə, məhz onların hesabınadır. Məsələn, Polşada oxuyan bir gənc ailəsindən xəbərsiz Azərbaycana gələrək müharibədə iştirak etmişdi, 4 medal da almışdı. Bədənində çoxlu qəlpə yarası da qalmışdı. Müharibə yekunlaşandan sonra bizim xahişimizlə ali təhsil müəssisəsinin 5-ci kursunu yüksək balla bitirdi. Lakin onun əlillik təyinatı ilə bağlı məsələ həll olunmadı. Həkimlər bizə bədənində qəlpə olanlara əlillik verilmədiyini bildirdilər. Halbuki, onun sağ əli işləmir. Ona görə də qanunvericilikdə qazilərlə bağlı bəzi müddəaların dəyişməsini təklif edirəm. Həmin qazilərə nəyin bahasına olursa-olsun dəstək olmaq lazımdır. Dövlət başçısı xalqın yanında olduğu kimi, qanunlar qəbul ediləndə əhalini də nəzərə alın”.
  Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev “Şərq”ə açıqlamasında Novella xanımın qaziləri narahat edən problemə toxunduğunu bildirdi:
"Müharibə iştirakçılarını, qaziləri ən çox narahat edən də elə bu məsələdir; qəlpə, güllə yarasının, kantuziyanın əlilliyin təyininə daxil edilməməsi. Bu yaraların ağrısını, əziyyyətini ancaq müharibədə iştirak etmiş insan bilir. Müharibənin yaraları təkcə amputasiya ilə ölçülməməlidir. Kantuziya, kəllə-beyin travması var, dəlib keçmiş güllə yarası var... Güllənin insanı dəlib keçməsi o deməkdir ki, güllə adamı 5-6 metrə qaldırıb yerə çırpıb. Belə vəziyyətdə daxili orqanlarda hər cür travma yarana bilər. Minaya düşənlər, mərmi partlayışından xəsarət, zədə alan döyüşçü həm də kantuziya almış olur. Güclü partlayışdan nəinki beyin, bütün orqanlar silkələnir. Yaxınlığında mərmi partlamış döyüşçü uzun müddət o partlayışın təsiri altında qalır. Kantuziya elə bir şeydir ki, onun müalicəsi ümumiyyətlə yoxdur. Kantuziyalı adam ömrünün sonuna kimi müalicə almalıdır. Amma bizdə deyirlər, 6 aylıq müalicədən sonra guya ki, adam sağalır. Müharibə belədir; qaziliklə yanaşı, əsəb, stress, gərginlik bu insanları həm də “əsəbi insanlar” kateqoriyasına daxil edir. Müharibə yaralarının nəzərə alınmaması da qaziləri ikiqat sıxır, stresi artırır. Müharibə iştirakçısının bir əli işləmirsə ona niyə əlillik dərəcəsi təyin edilməməlidir? Belə məsələlər qazilərin haqlı narazılığına səbəb olur".
A.Əliyev qeyd etdi ki, əlilliyin qiymətləndirilməsiylə bağlı mövcud qaydalara bir müddət əvvəl edilən dəyişiklik əlillik dərəcəsi ləğv edilmiş və ya əlillik dərəcəsi hələ təyin edilməmiş qazilərdə təqaüd alacaqlarına ümidi artırıb. Lakin görünən budur ki, problemlər hələ də həllini tapmır:
"Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarına edilən dəyişikliyə əsasən orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minib. Göründüyü kimi, əlilliyin təyini üçün orqanizm funksiyalarının 30 faizdən artıq pozulması halı mövcud olmalıdır. Hesab edirik ki, bu faiz göstəricisi aşağı olmalıdır. Məsələn, Almaniyada əlilliyin təyini 20 faizdən başlayır. Yəni az, nisbətən yüngül xəsarət almış şəxslərə də əlillik faizi təyin edilir. Hətta kompensasiya da ödənilir. Türkiyədə də hərbi əməliyyatlar zamanı yüngül xəsarət alanlara əlillik faizi təyin edilir. Bizdə də bu qayda tətbiq edilsə, əlbəttə, daha yaxşı olar, Vətən uğrunda döyüşərək müxtəlif xəsarətlər alanlara müəyyən məbləğdə təqaüd təyin edilməlidir. Bu insanlar Vətən uğrunda döyüşüb, yaralanıblar. Müxtəlif xəsarətlər alıblar. Onların haqqı ödənməlidir".