FHN-in Dövlət Agentliyi “ASAN xidmət”də fəaliyyətə başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi “ASAN Xidmət”də fəaliyyətə başlayıb.
"Report" xəbər verir ki, ilkin mərhələdə sahibkarlar yeni fəaliyyətə başlayan Bakı şəhəri 7 saylı “ASAN Xidmət” mərkəzində nazirliyin Agentliyi tərəfindən göstərilən iki xidmətdən yararlana biləcəklər.
Bununla bağlı keçirilən tədbirdə bildirilib ki, sahibkarlar mərkəz vasitəsilə “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında çıxarış”ı və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə “Xüsusi icazə”ni əldə edə bilərlər.
Diqqətə çatdırılıb ki, prosesin tədricən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə isə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Xatırladaq ki, sözügedən xidmətlərin “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilməsi şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun yüksəldilməsini təmin edəcək.