Təcili qənaətə keçməliyik

Su müharibələrinin başlaması bəlkə də an məsələsidir

Elçin Bayramlı: "Artezian quyularının qazılması sürətlənməlidir. Şəhərdə içməli sudan texniki məqsədlərlə istifadə qadağan edilməlidir"

  “Dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir. Ölkəmizdə də iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur”. Bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfransda deyib. Onun sözlərinə görə, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir: 

“Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı geniş maarifləndirmə işləri aparılır. Sosial-iqtisadi inkişafla əlaqədar ətraf mühitin artan təsirlərdən mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında bütün maraqlı tərəflər iştirak etməlidir. Özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq qurulmalıdır. Ətraf mühitin deqradasiyasına səbəb ola biləcək fəaliyyətlərin qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir. Yaşıl iqtisadiyyata keçid mərhələsində suya qənaət, xammaldan təkrar istifadə, kənd təsərrüfatında ekoloji təmiz istehsal prinsipləri, sənayedə ətraf mühitə dost texnologiyaların tətbiqi, su hövzələrinin, bioloji müxtəlifliyin və meşələrin qorunması kimi məsələlərdə daha məsuliyyətlə hərəkət etməli, beynəlxalq əməkdaşlığı gücləndirməli, ekoloji problemlərin həllinə gətirib çıxara biləcək bütün imkanlardan istifadə etməliyik.

  2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi kontekstində görüləcək bu tədbirlər təkcə Azərbaycanın deyil, bütün dünyada, regionda dayanıqlı inkişafa təkan verəcək”.

  Dünyada su böhranı artıq başlayıb. Bu təhlükəli halın baş verəcəyi isə çoxdan proqnozlaşdırılırdı. Uzaqgörən hökumətlər qarşıdakı böhranla bağlı əməli tədbirlərə də çoxdan başlayıb. Məsələn, Belçika hökumətinin yeni tikilən çoxmərtəbəli binalarda və şəxsi evlərdə vətəndaşlara yağış suyu üçün çənlər qoymalarını, ehtiyac yarandıqda toplanan bu sudan istifadə etmələri kimi qayda tətbiqi haqqında xəbər verilmişdi. Başqa ölkələrdə də yəqin ki, ciddi tədbirlər görülür. İçməli sudan texniki məqsədlərlə istifadə edilməsinin qarşısı əməli tədbirlərlə alınır. Deyək ki, hansısa müəssisə, zavoda texniki su verilmirsə, texniki sudan istifadə mümkün deyilsə, əlbəttə, içməli su istismar ediləcək. Əvvəlcə alternativ yol, üsul təqdim edilməli, sonra qadağa qoyulmalıdır. 
 
    
  “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri, sosioloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında bildirdi ki, içməli su ehtiyatlarından qənaətlə istifadə zərurət halını alıb: 

- Qlobal su qıtlığı başlayıb artıq. Yaxın Şərq və Afrika ölkələrinin su müharibələrinə başlaması bəlkə də an məsələsidir. Güclü dövlətlər su ehtiyatlarını mənimsəyir, barajlar, su anbarları tikərək digər ölkələri su qıtlığı, qlobal böhranla üz-üzə qoyur. Çox yaxın zamanda bütün dünya su qıtlığının əsiri olacaq. Bu vəziyyəti formalaşdıran insan özüdür. İnsanların – əslində qlobal güclərin yüz illərdir təbiəti məhv etməsinin nəticəsidir. Bu, aydın məsələdir. Məsələ həm də budur ki, gözlənilən su böhranından hansı yolla, hansı üsulla az itkiylə çıxmaq olar. Belçika hökuməti belə bir vasitə düşünübsə, əlbəttə, bir tərəfdən təqdirəlayiqdir, çünki vətəndaşların rifahını əsas tuturlar, su qıtlığına qarşı tədbir görürlər. Amma yağış suyunun toplanması və konkret məqsədlər üçün istifadəsi, bir tərəfdən təbiətə ziyandır. Su təbiətdə dövr edir, daha doğrusu, dövr etməlidir. Yağış suyu hansı bölgələrə düşür, hara daha çox, hara daha az yağır, bunu biz yox, təbiət müəyyən edir və etməlidir. Yağış suyunun toplanması o deməkdir ki, o yağış suyu getməli olduğu yerlərə getməyəcək. Yalnız konkret bir ərazidə istifadə olunacaq. Bu, əlbəttə, xoşagələn deyil. Amma yenə də hökumətin əhalini düşünməsi və qlobal su böhranına qarşı müəyyən tədbirlər görməsi alqışlanmalıdır. Gələk, öz ölkəmizə. Azərbaycanın içməli su ehtiyatları Gürcüstan və Ermənistandan azdır. Bu, faktdır və deyilməlidir. Bizim üstünlüyümüz 30 ilə yaxın müddətdə Ertmənistanın işğal altında saxladığı Qarabağ ərazilərini azad etməyimiz və oradakı su ehtiyatlarına çıxış imkanlarını bərpa etməyimizdir. Azərbaycanın içməli su ehtiyatlarının 30 faizi Qarabağ bölgəsində yerləşir. Lakin yeni su ehtiyatları əldə etməyimiz bizi heç bir halda arxayın salmamalıdır. Sudan qənaətlə istifadə prioritet olmalıdır. Bir sıra ölkələr gözlənilən su böhranı ilə bağlı strateji planlar hazırlayır və icra edir. Bizdə də mövcud su ehtiyatlarından qənaətlə istifadə etməklə su böhranının qarşısını almaq olar. 
  E.Bayramlı qeyd etdi ki, təkliflərdən biri dəniz suyunun duzsuzlaşdırılmasıdır, amma bu məsələ də həllini tapmır: 
- Hamımız bilirik ki, içməli sudan texniki məqsədlərlə istifadə edilir. Zavodlar, fabriklər, müəssisələr içməli suyu sənaye məqsədilə israf edir. Avtomobillər də içməli suyla yuyulur, yaşıllıqlar da içməli suyla suvarılır və sair. İçməli sudan istifadə elə bir həddə çatıb ki, Oğuz-Qəbələ-Bakı su kəməri artıq təzyiqə dözə bilmir. O ərazilərdə quraqlıq başlayıb artıq. Çünki su həddindən artıq götürülür. Bu təzyiq mütləq azaldılmalıdır ki, içməli su ehtiyatları vicdansızcasına istismar edilməsin. Bunun üçün də dəniz sahilində zavod tikilməli və o zavodda dəniz suyunun şirinləşdirilməsi aparılmalıdır ki, bu sudan istifadə mümkün olsun. Sənaye müəssisələrinin, fabrik, zavodlara dəniz suyunun ötürülməsi təmin edilməlidir. Bundan başqa hökumət sahibkarlara, fermerlərə kiçik kreditlər verə bilər, su çənlərinin qoyulması, kiçik su anbarlarının tikilməsi üçün. Artezian quyularının qazılması sürətlənməlidir. Şəhərdə içməli sudan texniki məqsədlərlə istifadə qadağan edilməlidir. Bunun üçün də gərək sahibkarlıq subyektləri, iaşə obyektlərinə texniki suyun verilməsi təmin edilsin. Görüləcək işlər çoxdur, amma iş görən yoxdur.