Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və yaşayan Razim Məmmədov Rasim oğlu Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı tərəfindən aldadılaraq külli miqdarda pulunun alındığını bildirib.
Bu barədə Oxu.Az-ın redaksiyasına zərərçəkən R.Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Rusiya Federasiyasına meyvə-tərəvəz sataraq qazanc əldə edib, ailəsini dolandırıb:
“Hər dəfə malları ölkədən Rusiyaya göndərəndə DGK-nın Tovuz Gömrük İdarəsinin Poylu gömrük məntəqəsində böyük müfəttiş işləyən Umudov Vüqar Zakir oğluna heç bir qəbz və ya sənəd istəmədən tələb etdiyi pulu verərək, malların sərhədi keçməsini təmin edirdim.
Sonuncu dəfə 2014-cü ildə malları keçirəndə məndən gömrük rəsmiləşməsi adı ilə 200 000 manata yaxın pul istədi, lakin o qədər məbləği verə bilməyəcəyimi, yalnız mallar satıldıqdan sonra istədiyi pulun bir hissəsini verə biləcəyimi dedim. Vüqar da bununla razılaşdı. Lakin həmin vaxt göndərilən malların bir qismi xarab oldu, Rusiya rublu devalvasiyaya uğradı və mən heç göndərdiyim malların mayasını çıxara bilmədim. Nəticədə müflis oldum”.
O qeyd edib ki, 2022-ci ildə Umudov Vüqar Zakir oğlu Şəmkir Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ondan və İsayev Daşqın Qurban oğlundan 124 min 850 ABŞ dolları məbləğində pulun tutulması ilə bağlı iddia qaldırıb:
“Həmin məhkəmənin 10.02.2022-ci il tarixli 2(076)-204/2022 saylı qətnaməsi ilə hər iki cavabdehdən müştərək qaydada 98 000 manat miqdarında pulun tutulması qət edilib. Qətnamədə də qeyd olunur ki, məhkəmə iclasında iddiaçı Umudov Vüqar Zakir oğlu izahatında göstərib ki, Tovuz Gömrük İdarəsinin Poylu gömrük məntəqəsində böyük müfəttiş vəzifəsində işlədiyi müddətdə 2014-2015-ci illər ərzində cavabdehlərin Rusiya Federasiyasına qazanc məqsədilə apardıqları mallarla (meyvə-tərəvəz) bağlı Rusiya tərəfindən gömrük məntəqəsində yaranmış çətinliklərin həll olunmasına qarşılıqlı razılıq əsasında köməklik göstərib.
Guya gömrük rüsumunun ödənilməsində yaranmış çətinlik zamanı cavabdehlərin əvəzinə 124 850 (yüz iyirmi dörd min səkkiz yüz əlli) ABŞ dolları məbləğində gömrük rüsumu ödəyib. Halbuki, kənd təsərrüfatı mallarının ixracı əməliyyatı gömrük rüsumundan azaddır. Qeyd edim ki, heç zaman Rusiya Federasiyasının gömrük məntəqəsində çətinlik və problemlə rastlaşmamışam. Məhkəməyə müraciət etməzdən əvvəl Vüqar Umudov mənə dəfələrlə hədə-qorxu gəlib.
O məni həbs etdirəcəyini və həmin pulun “katyol”un, yəni Gömrük Komitəsinin rəhbərliyinin pulu olduğunu bildirib. Mənim pulu ödəməyəcəyim təqdirdə qohum və dostlarımın Rusiya ya göndərdikləri meyvə-tərəvəzi ölkədən buraxmayacağını, nəticədə həmin malların gömrükdə xarab olacağını və iflasa uğradacağını söyləyib. Məhkəmədə Vüqar Umudova borclu olmağımı etiraf etməyimin səbəbi də qohum və dostların işlərinə maneçilik törətməmək məqsədi daşıyıb.
İşə baxan məhkəmə sədri isə Vüqar Umudovun bu qədər vəsaiti haradan əldə etdiyini, Rusiya gömrüyünə mənim mallarıma görə ödədiyi pulun qəbzini tələb etməyib. Yalnız mənim etirafımı əsas götürərək, qətnamə qəbul edib. Halbuki, məhkəmə xidməti vəzifəsinə görə bu halları araşdırmalı, korrupsiya halı olduğu təqdirdə (hansı ki, korrupsiya halı var) xüsusi qərar qəbul edib araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərməli idi.
Məhkəmə iclası zamanı hakim Vüqar Umudova heç sual belə verməyib ki, mənim yerimə guya gömrük rüsumu ödəməkdə onun nə marağı var? Vüqar Umudov mənim nə qohumum, nə dostumdur, onunla bu işin gedişatında tanış olmuşuq”.
R.Məmmədov əlavə edib ki, digər cavabdeh İsayev Daşqın Qurban oğlu qətnamədən apellyasiya şikayəti verib:
“Gəncə Apellyasiya Məhkəməsinin 05.05.2022-ci il tarixli 2(104)-1520/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə ləğv edilib. Apellyasiya instansiyası da prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, şikayətə yalnız mübahisələndirilən hissədə baxıb. Hüquqi savadım olmadığı üçün elə zənn etmişəm ki, həmin instansiyada mənə aid hissəyə də hüquqi qiymət veriləcək.
İndi isə qətnamə icraya yönəldilib, barəmdə axtarış elan olunub, ölkədən getmək hüququm məhdudlaşdırılıb. Yenə də borcun ödənilməsi üçün rəsmi işə düzəlmişəm və borcun əməkhaqqımdan tutulması barədə Şəmkir Rayon İcra Şöbəsinə müraciət etsəm də, heç bir müsbət nəticə əldə olunmayıb. Bir sözlə, Azərbaycan məhkəmə tarixində bir ilk olub.
Məmurun ala bilmədiyi rüşvət dövlətin adından qəbul edilən qətnamədə borc kimi öz əksini tapıb. Gömrük Komitəsinin rəhbərliyindən xahişim odur ki, əgər Vüqar Umudovun dediyi kimi, həmin pul “katyol”un, yəni rəhbərliyin puludursa, müflis olmağımı nəzərə alıb “borc”un silinməsi üçün Vüqar Umudova tapşırıq verilsin”.
Məsələ barədə Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq həmin şəxs DGK-da xidmətdən çıxıb:
“Umudov Vüqar Zakir oğlu 2019-cu ildə öz ərizəsi ilə vəzifəsindən azad olunub”.