Tələbə təqaüdlərinin artırılması təklif edilir

Tələbə təqaüdlərinin artırılması təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin bugünkü birgə iclasında 2023-cü ilin büdcə müzakirələri zamanı deyib.
S.Novruzov bildirib ki, tələbə təqaüdləri yaşayış minimumuna uyğunlaşdırılmalıdır.
“Tələbələrin təqaüdlərinə də diqqət yetirmək lazımdır. Əgər yaxşı alim, hərbçi, həkim yetişdirmək istəyiriksə, dəstəyimizi əvvəlcədən göstərməliyik”, - deyə o qeyd edib.
Qeyd edək ki, ümumilikdə, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.