Tahir Kərimli: “Baş verənlərə nazir Anar Kərimov cavabdehdir”

“Mədəniyyət Nazirliyində DTX tərəfindən əməliyyat keçirilməsi, nazirin birinci müavini barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbirinin seçilməsi olduqca ciddi məsələdir. Ciddi iddialar var”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, nazirlikdə büdcənin talanması, yeyib-dağıdılması, kadr siyasətindəki haqsızlıqlar, ixtisası olmayan şəxslərin vəzifəyə gətirilməsi, qeyri-qanuni məsələlər baş alıb gedir:
“Bu barədə həddindən çox məlumatlar var. İstər mərkəzi aparatda, istər nazirliyin regional idarələrində, xüsusən Gəncə bölgəsində xeyli qanunsuzluqların olması haqqında yazılar paylaşılır. Kadr siyasəti ilə bağlı çox ciddi ittihamlar irəli sürülür. Əlbəttə, bütün bunlara nazir Anar Kərimov da cavabdehdir. Özü bu məsələlərə reaksiya verməli, məlumat yaymalı, qiymətləndirməlidir.
Anar Kərimov ya deməlidir ki, birinci müavininin etdiyi əməllərdən xəbəri yoxdur, ya da xəbəri varsa, əlindəki məlumatları təqdim etməlidir. Ola bilər ki, ictimaiyyətə elan edilməsi qadağan olan məlumatlar var. Amma buna inanmıram, çünki Mədəniyyət Nazirliyi elə bir qurum deyil ki, orada dövlət sirrinə aid nəsə olsun. Kim təqsirkardırsa, məsuliyyətə cəlb olunmalıdır.
Konkret məhkəmə, yaxud istintaq orqanının funksiyasını daşıyıb nazir haqqında bir söz deyə bilmərəm. Araşdırmaların nəticəsində hər şey aydınlaşacaq. Hər bir halda nazirlik baş verənlərlə bağlı heç olmasa bəyanatla çıxış etməlidir”.