Deməklə olmur, sayları hər gün artır

Yetkinlik yaşına çatmamış, nikah yaşı tamam olmamış neçə qızımız indiyədək evliliyə vadar edilib, məcbur edilib

Məsuliyyəti təkcə valideynlər deyil, yaxın qohumlar, məktəb rəhbərliyi, sinif müəllimi, qonşular da daşıyır

  Zərdab rayonunun Körpükənd kəndində azyaşlı qızı qaçırmaq cəhdi baş tutmayıb. Yayılan məlumatlara görə, azyaşlını qaçırmağa cəhd edən şəxs həmin kəndin sakinidir və əvvəllər məhkumluq həyatı yaşayıb. Bu barədə Zərdab Rayon Polis Şöbəsinin məlumatında qeyd edilir ki, hadisə bir neçə gün əvvəl kənd ərazisində baş verib. Qız hay-küy saldığından onu qaçırmağa cəhd göstərən şəxs özü hadisə yerindən qaçıb. 

DİN-in məlumatında qeyd edilir ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb. Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır. Adam oğurluğuna cəhd, həm də bir azyaşlıya qarşı törədilirsə, demək ki, ciddi tədbirlər həyata keçirilməlidir. Xatırladaq ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında bir çox qanunlara dəyişikliklər müzakirə edilib, o cümlədən Ailə Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə və “Uşaq hüquqları haqqında” qanunlara. 

Müzakirələrdə diqqətə çatdırılıb ki, qanun layihəsi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Layihədə təqdim edilmiş qanunlara və məcəllələrə təklif edilən dəyişikliklər Konvensiyaya uyğun olaraq qabaqlayıcı tədbirlər, qurbanlara yardım və maddi cinayət hüququ normalarından irəli gələn öhdəliklərin milli qanunvericilikdə yerinə yetirilməsini nəzərdə tutur. Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, təklif edilən dəyişikliklərdə uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısının alınması, belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, uşaqlarla işləyənlərə dair qoyulan tələblər, hüquqi şəxslərə dair cinayət hüququnun tətbiqi, valideynlik hüququndan məhrumetmə, yetkinlik yaşına çatmayan şəxslərin dairəsinin müəyyənləşdirilməsi, uşaqların müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Bəxtiyar Əliyev bununla bağlı qabaqlayıcı tədbirlərin əhəmiyyətindən, maarifləndirmə işinin vacibliyindən danışıb. Bu sahənin dövlət tərəfindən diqqətdə saxlandığını söyləyib. Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək adıçəkilən məcəllələrdə və qanunlarda nəzərdə tutulan dəyişikliklərin mahiyyəti barədə məlumat verib. O, qanun layihəsində 81 maddəyə əlavə və dəyişikliyin təklif edildiyini bildirib, dəyişikliklərin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan əməllərin qarşısının alınmasına yönəldiyini söyləyib.

  Son zamanlarda erkən nikah, yetkinlik yaşına çatmayanların evləndirilməsi hallarının getdikcə artması azyaşlılara qarşı cinsi zorakılıq faktı hesab edilə bilər. Görünür ki, bu istiqamətdə ciddi tədbirlərə ehtiyac var. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, qanunvericiliyə dəyişikliklər edilməsi müsbət haldır, lakin bununla kifayətlənmək olmaz: 

- Qanunvericiliyə dəyişikliklər şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan əməllərin qarşısının alınmasına yönəlib. Təklif edilən dəyişikliklərdə uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısının alınması, zorakılıq qurbanı olmuş şəxslərə yardımın göstərilməsi nəzərdə tutulur. Əslində, bunlar əhəmiyyətli dəyişikliklərdir. Lakin yalnız qanunvericiliyə dəyişikliklə kifayətlənsək, istədiyimiz, cəmiyyətin sağlamlaşmasına təsir edəcək nəticəni əldə edə bilmərik. Bu məsələlərdə hərtərəfli iş görülməlidir. Valideynlərlə söhbətlər, məktəblərdə şagirdlərlə maarifləndirmə işlərinin aparılması, yetkinlik yaşına çatmayanlarla xüsusi layihələrin icrası vacibdir. Zərdab rayonunda azyaşlının qaçırılması cəhdi konkret o uşağın səs-küy salması sayəsində mümkün olmayıb. Amma gəlin görək, yetkinlik yaşına çatmamış, nikah yaşı tamam olmamış neçə qızımız indiyədək evliliyə vadar edilib, məcbur edilib. Yetkinlik yaşına çatmayan qız ailə, evlilik, tərəf müqabiliylə davranış qaydalarını bilmir, bunlar barədə məlumatsız olur. Aydın məsələdir ki, belə hallarda bütün məsuliyyət valideynin üzərindədir. Ona görə də yetkinlik yaşına çatmayanların evləndirilməsinə görə birbaşa ailə - valideyn məsuliyyət daşıyır, həm də təkcə onlar yox. Yaxın qohumlar, məktəb rəhbərliyi, sinif müəllimi, qonşular. Hamı toy olacağını, kimin kiminlə evləndirildiyini bilir, amma çoxları susur, dövlət orqanlarını xəbərdar etmirlər. Bu vəziyyətdə o insanların hamısı suçludur, hamısı cinayətə şərait yaratmış adamlardır. Əgər valideynlər, yaxın qohumlar, qonşular, məktəb rəhbərliyi məsuliyyətə cəlb olunacaqlarını, təkcə inzibati cəza deyil, hətta azadlıqdan məhrumetmə cəzasına da məhkum ediləcəklərini bilsələr, cinayətə şərik olmazlar, əksinə, onun qarşısını almağa kömək edərlər.    

  M.Zeynalova qeyd etdi ki, uşaqlarla işləyənlərə dair qoyulan tələblər də sərtləşməlidir, uşaqlarla işləyən şəxslərin sosioloji və psixoloji təcrübəsi olmalıdır. Yetkinlik yaşına çatmayan şəxslərin dairəsinin müəyyənləşdirilməsində, uşaqların müdafiəsi ilə bağlı məsələlərdə qeyri-hökumət təşkilatları konkret nəticələrə hesablanan layihələr icra etməlidirlər. 

- Maarifləndirmə işi vacibdir. Amma biz ictimaiyyətə müraciət formalarını dəyişməliyik. Tədbirlərlə, konfranslarla, qanunvericiliyə dəyişikliklə problemi qismən aradan qaldırmaq olar.

 İctimaiyyətə müraciətlər daha yaddaqalan və cəlbedici olmalıdır. Hazırkı audio-vizual imkanların genişliyi şəraitində daha cəlbedici video-çarxlar tərtib edilə bilər. Səsli, musiqili mesajlar yeniyetmələri, gəncləri daha çox cəlb edir. İlk növbədə yeniyetmə onu hansı təhlükələrin gözlədiyini bilməlidir. Bunu bilsə, özünü müdafiə edə biləcək.