Cəmiyyət yenə bölündü


Rəşad Dağlıdan bir yazar, bir sosioloq danışır

Şərif Ağayar: "Heç nə insan öldürməyə bəraət qazandırmır. Hətta vətən, millət, azadlıq, namus adı ilə də öldürməyin doğru olmadığını düşünürəm. Söyüş üçün öldürmək isə, sadəcə, biabırçılıqdır"

Əhməd Qəşəmoğlu: "Onu bilirəm ki, bu hadisə bütün meyxana sənətinin gələcəyini sual altında qoydu"

  Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı ilə bağlı cəmiyyət, yenə də yekdil mövqe sərgiləyə bilmədi. Cəmiyyəti təşkil edən insanların müxtəlif fikirdə, müxtəlif mövqedə olması təbiidir. Hətta məsələ qətl, insan ölümü olsa da. Qətlin niyə baş verdiyi, hansı səbəblərdən qaynaqlandığı, ölənin, öldürənin kimliyi… hər bir detal insanlarda fikir müxtəlifliyi yaradır. Qətlə bəraət qazandırmağa çalışanlarla yanaşı, heç bir səbəbin insan ölümünə bəraət qazandırmadığını iddia edənlər də var.      
 
  Məsələ belədir; Ölkədə kifayət qədər məşhur, sevilən meyxanaçı Rəşad Dağlı -  Rəşad Əmirov şəxsi münasibətlər zəminində qonşusu İskəndər Mehtiyevi aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməkdə təqsirli bilinir. Şəxsi münasibətlər zəmininin nədən ibarət olduğu, hələ ki, dəqiq bilinmir. Gah deyilir, söyüşə görədir, gah Rəşadın narkotik maddə satışı və təbliğatına qarşı çıxmasına görə, hətta İran amili də ortaya atılıb. Guya, R.Dağlı İran ali dini liderini qəbul etmirmiş, İran xüsusi xidmət orqanları da ona komplo qurub. Deyilənə görə, meyxanaçı bir müddət əvvəl iştirak etdiyi bir məclisdə  narkotik satanları meyxana diliylə təhqir edib. Bu isə İskəndər Mehtiyevin xoşuna gəlməyib və o, Rəşadın arxasınca söyüb. Bunu eşidən meyxanaçı da səhər saat 5 radələrində özünün "NİVA" markalı avtomobilində İ.Mehtiyevlə görüşüb. Aralarında yaranan mübahisə zamanı Rəşad İskəndərin ürək nahiyəsinə 9 bıçaq zərbəsi vurub. Nəticədə o, ölüb. Qətli törədən Rəşad Dağlı isə könüllü Yasamal polisinə gələrək təslim olub. İskəndər Mehtiyev kimdir? İ.Mehtiyevin 15 gün əvvəl həbsdən çıxdığı bildirilir. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq, həbs edilibmiş. Həmçinin İ.Mehtiyevin digər məşhur meyxana ustası Ələkbər Yasamallının dayısı oğlu olduğu da bildirilir. Bu da bildirilir ki, İ.Mehtiyev cəmi bir neçə gün əvvəl azadlığa çıxıb.  
  Hazırda Qaradağ Rayon Prokurorluğunda qətllə bağlı araşdırmalar davam edir. Şübhəsiz, qətlin mahiyyəti istintaq zamanı məlum olacaq. R.Dağlının hansı cəzaya məhkum edildiyi də bilinəcək. Ona qədərsə, cəmiyyətimiz, həmişəki kimi, “sağa-sola” dalğalanacaq. Meyxana sənətini sevməyənlər “deyirdik, bu meyxananın  bir gün hoqqası çıxacaq, inanmırdınız”, söyləyərək şifahi xalq ədəbiyyatının geniş yayılmış bu qolunun heç bir işə yaramadığını, gənclərin tərbiyəsini pozduğunu sübut etməyə çalışacaq və bolşevik təfəkkürünün işartıları özünü göstərəcək: qadağan edilsin, bağlansın, dışlansınlar!.. Guya ki, qətl törədənlər yalnız meyxanaçılardır. Qətl törətmək yalnız meyxanaçılara xasdır. Cəmiyyət hər gün neçə-neçə qətl haqqında məlumatlar alır. Ata-anasını, həyat yoldaşını, oğlunu-qızını, müdirini, qohumunu, yadı… qətlə yetirənlərin hamısı meyxanaçı deyil. Bəzən müəllim də qətl törədir. Alim də. Həyat dediyimiz mürəkkəbdən də mürəkkəbdir. Təbliğat isə tamam başqadır. Təbliğat xeyirli də ola bilər, zərərli də. Baxır, dirijor çubuğu kimin əlindədir və hansı təbəqəyə yol göstərir. Qətiyyən meyxana aşiqi olmayan biri kimi yazıram: bəyənmədiyimiz meyxana “Bizim Cəbiş müəllim” filmində də var. “Çağırdı ellər gedərəm davaya…”. Bəyənmədiyimiz meyxananın ustadı sayılan, qəzəlxan şairimiz Əliağa Vahidin məhz “Vahid, sorma Vətən nədən yaxşıdır, Adı gəlcək, könül xəndan göründü”, misrasının yer aldığı məşhur qəzəlinə bəstələnən mahnı şəhid Xudayarın təkrar ifasında 44 günlük Vətən müharibəsinin az qala rəmzinə çevrildi. Mərhum Nizami Rəmzi vardı, ötən əsrin gəncləri yaxşı xatırlayar. Azərbaycana necə gözəl meyxanalar qoşmuşdu; “Can necə tərk eyləsin ey can səni, çünki canın canısan ey canımız”, “gəlin qoşaq Bakıya təzə qafiyə”,  deyib oxuyardı. Həmçinin mərhum qəzəlxan-şair, füzulişünas Hacı Mail vardı. Və adını çəkə bilmədiyim onlar kimi başqaları. Və əlbəttə, bəyənməməkdə özümüzü haqlı saydığımız ifalar da var. Məsələ janrda deyil, onu necə təqdim etməkdə və hansı məqsədə yönəltməkdədir. Meyxana cəmiyyətdəki əskiklikləri güzgü kimi göstərə də bilər, zərərli olanı təbliğ etməklə cəmiyyəti dalana da dirəyər. Əgər hansısa meyxanaçı cəmiyyətin böyük bəlasına çevrilmiş narkotik maddəni, hansısa zərərli davranışları təbliğ edirsə, (bir müddət əvvəl  bu səpkili video yayanlar DİN tərəfindən saxlanıldı) bu şəxslər tapılmalı, məsuliyyətə cəlb edilməlidir. Məsələ burasındadır ki, Rəşad Dağlı hadisəsində meyxanaçının öz ifasıyla narkotik maddə satışını tənqid etdiyi deyilir. Və bildirilir ki, guya, ifaçı ilə sonradan qətlə yetirəcəyi şəxs arasında mübahisə bu zəmində yaranıb.  Yenə də həqiqətin istintaq zamanı məlum olacağına ümid edək. 
Rəşad Dağlı hadisəsinə narkotik maddənin, yaxud meyxananın bəlası kimi baxaq, yoxsa İran xüsusi xidmət orqanlarının? Bəlkə fərdin düzgün formalaşmaması, şəxsiyyətin  özünü təsdiqə can atması? 
Bir yazar və bir sosioloq mövqeyini verəcəyik. 

Yazıçı Şərif Ağayar: 
“Heç nə insan öldürməyə bəraət qazandırmır. Hətta vətən, millət, azadlıq, namus adı ilə də öldürməyin doğru olmadığını düşünürəm. Söyüş üçün öldürmək isə, sadəcə, biabırçılıqdır. Rəşad Dağlı kimi çox istedadlı birini bu addımı atmağa vadar edən intellektdən uzaqlıq, kitabdan cüda düşmək, müasir mədəniyyətdən bixəbərlikdir. Lakin bu məsələdə onun ətrafının, düşdüyü mühitin də rolu böyükdür. Rəşad qəzəlxan kimi, şair kimi kütləyə lazım deyildi, ona yalnız düşük meyxanalarla boş qafaları danqıldatmaq üçün pul verirdilər. Bu zəka sahiblərinin kumirinə çevrilmək, yaxud birinciliyi əldə saxlamaq üçün hökmən sözü və yaradıcılığı başlı-bütünlü istisna edən kriminal avtoritet moduna girməlisən. Rəşad Dağlı da özünü mütləq belə aparmalı, yaxud belə biri olduğuna mütləq inandırmalı idi. Bu da axırı. Qəti şübhə eləmirəm ki,
Məryəmin tərtəmiz olduğnu bir Allahı bilib
Ona çox tənə gəlib Həzrəti-İsayə görə,  
beytini yazan adam kamerada tək qaldığı vaxt başını divara döyüb ağlayacaq. Bax, mən o başını divara döyüb ağlayan Rəşad Dağlını birinci özünün, ikinci qəddar ətrafının, üçüncü isə işləməyən Azərbaycan qanunlarının əlindən alıb elə adını zikr etdiyi o Allaha tapşırmaq istəyirəm. Günahından keçsin və onu qorusun. 
Səbəb nə olur-olsun, istedadın qürubu kədərlidir”.

Sosioloq Əhməd Qəşəmoğlu: 
- Ölkədə sosial-humanitar sahədə təkmilləşməyə ehtiyac var. Buna böyük ehtiyac olduğu halda, bu siyasət düzgün qurulmayıb. Eybəcər hadisələr məktəblərdə də baş verir, universitetlərdə də, incəsənətdə də. Gündən-günə həssaslaşan cəmiyyətimizdə hadisələrə 20 il əvvəlki qayda və təfəkkürlə yanaşmaq olmaz. Cəmiyyətin özü müxtəlif komplekslər yaradır. Mühit sağlam olmalıdır ki, mənfilər bloklansın, müsbətlər inkişaf etsin. Mühit sağlam olmadıqda  mənfilər yayılır. Biri deyir, gəlin, meyxananı qadağan edək. Anlamırlar ki, bu cür yanaşma cəmiyyətdə gərginliyi, aqressiyanı daha da artırır. Və aqressivləşmiş sosial təbəqənin başqa əllərə keçməsinə şərait yaradır.  Sanki özümüz kimlərəsə dəvət göndəririk ki, “gəlin, bu insanlara sahib çıxın”. Sonra da bu təbəqədən bizə qarşı istifadə etməyə başlayırlar.   Elə telekanallar vardı, səhərdən-axşamadək meyxananı təbliğ edirdi, yarışma təşkil edirdi, niyə o zaman bunun qarşısı alınmırdı?!. Nəhayət, bu həqiqəti anlamalıdırlar ki, cəmiyyət fərdi istəklərlə deyil, elmin diktə etdiyi yolla inkişaf etməlidir. Bunu mən – Əhməd Qəşəmoğlu demir, bunu sosiologiya elmi deyir. Cəmiyyət günü-gündən pozulur. Bunun qarşısını almaq üçün ciddi elmi mərkəzlər olmalıdır.  

  Bu arada, meyxanaçı Rəşad Dağlıya dəstək paylaşımları davam edir. Sənət dostları ifaçıya "Instagram" hesabında dəstək mesajları verir,  onun haqqında paylaşım edərək sosial şəbəkə hesablarında ifaçıya dəstək olurlar. Rəşad haqqında paylaşımlar edənlər müğənnilər Damla, Rəqsanə İsmayılova, Xatun, Nəfəs, Nazənin, aktyor Ənvər Abbasov, repçi Paster, blogger Aysel Şükür, meyxanaçılar Pünhan Piriyev, Orxan Lökbatanlı, Rüfət Nasosnu, Balaəli, Tərlan Novxanı və başqa tanınmışlardır. 

  Meyxanaçı, senarist Pərviz Arif deyib ki, Rəşad Dağlı meyxana sənətinin sütunu idi: 

“Baş verən hadisənin təfərrüatlarını bilmədiyim üçün geniş nəsə deyə bilmərəm. Bir onu bilirəm ki, bu hadisə bütün meyxana sənətinin gələcəyini sual altında qoydu. Rəşad Dağlı bizim üçün təkcə yaxşı həmkar, yaxşı dost deyildi. Həm də özümüzün xiridar kimi dinləyib zövq aldığı sənətkar idi. Bir çox sənət yoldaşı ilə sadəcə, məlumatların həqiqiliyini öyrənməklə bağlı danışmışıq. Əlavə məlumatım yoxdur. Allah köməyimiz olsun”. 

  Pərviz Bülbüləli sosial şəbəkə hesabında Rəşad Dağlı ilə fotosunu paylaşaraq, bu sözləri əlavə edib: 

"Ağlımın ucundan da keçməzdi ki, səninlə paylaşdığım şəklin şərhində "Allah fərəc versin" yazaram. Allah qapını açsın, şair...Hər ağızda bir Amin var". 

  Rəşadın yetirməsi olan meyxanaçı Cahangeşt Balaxanı da ürək sözlərini belə ifadə etdi: 

"Allah özü sənə yar olsun, qardaşım. Sənin necə insan olduğunu səninlə şəxsi tanışlığı olmayan insan sərrafları da yaxşı bilir. Dualarımız səninlədir. Tezliklə görüşmək ümidi ilə ...".

  Rəşadın sənət dostu Nicat Mənalı da ona dəstək verənlərdən oldu: 

"Çox üzücü xəbər oldu, qardaş. Allah şeytana lənət eləsin. Tezliklə ailənin, balalarının yanında görək. Çoxları aramızdakı aqressivliyi bilsələr də, biz həmişə özümüzə hörmətimizi, etibarımızı saxlamışıq. Allah köməyin olsun".

  Meyxanaçı Xosrov Maştağalı “Allah qapını açsın, şair. Sevinənlərin başına gəlsin. "Drillaylar" axır ki, çatdılar arzularına” - deyə, paylaşım edib. 

  Meyxana ifaçısı Ağa Maştağalı da Rəşada öz dəstəyini paylaşımla ifadə edənlərdəndir. Həmçinin, meyxanaçı Fariz Bərdəli də təəssüratlarını belə bildirib:

"Allah qapını açsın, qardaş. Səni həmişə ailənin başında, balalarının yanında görək!".

  Bundan başqa, meyxanaçının sənət dostu insanları yayılan dezinformasiyalara inanmamağa çağırıb:

 "Rəşad həm gözəl qardaşdır, həm də hər zaman cavanları zərərli maddələrdən yayınmağa çağırıb. İnşallah, tezliklə həbsxanadan azadlığa çıxsın. Bu məsələ ilə bağlı çox şey bilmirəm və məsləhətimdir ki, hər deyilənə də inanmayın. Dediyim də odur ki, dərd, kədər çəkən ailələr oldu. Allah onlara da kömək olsun".

  Meyxanaçının oğlu isə belə bir paylaşm edib: 

“Atamı tələyə saldılar. Çox sağ olun, dəstəyinizə və dualarınıza görə. Bizimki də buraya qədərmiş”.