Türkiyənin “Qoruyucu ailə sistemi”nin Azərbaycanda tətbiqi uğurlu olacaq
Kəmalə Ağazadə: "Bizim xalqımızın mentalitetində var ki, hansısa uşağa baxırlarsa, onu özününküləşdirsinlər"
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni "Himayədar ailə" qayğı modelinin tətbiqi gündəmdədir. Belə ki, Türkiyənin “Qoruyucu ailə sistemi” Azərbaycanda da tətbiq olunacaq.
Qeyd edək ki, Türkiyədə qoruyucu ailə modelinin ölkəmizdə tətbiqi ilə bağlı ötən ildən başlanmış işlər çərçivəsində bu ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən azərbaycanlı mütəxəssislərə təlim keçirilib. Nazirlikdən verilən məlumata görə, Azərbaycanın müraciəti əsasında Türkiyədə qoruyucu ailə xidməti modelinin ölkəmizdə də tətbiqi istiqamətində əməkdaşlıq davam edir.
Mütəxəssislər Azərbaycanın sosial müdafiə sahəsində çalışan 60 peşəkar işçiyə Türkiyədə həyata keçirilən himayədar ailə xidmətinin tətbiqi prinsipləri, uşaqların himayə altına alınması prosesləri, himayədar ailə modelləri, himayədarlara edilən ödənişlər, himayədar ailə təlimləri və sosial-iqtisadi dəstək xidməti mövzusunda tətbiq prinsipləri mövzusunda təlim keçiblər.
"Himayədar ailə" modeli deinstitutlaşmada yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinə şərait yaradılmasını, bununla bərabər, himayədar ailələrə dəstək verilməsi mexanizmini özündə ehtiva edir.
Qeyd edək ki, himayədar ailə - ilk olaraq uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə düşməsi, bu da nəticə vermədikdə övladlığa verilməsi üçün tətbiq olunan bir mexanizmdir. Məlumat üçün bildirək ki, himayədar ailə modeli övladlığa götürmədən fərqlənir. Prosedur müəyyən qədər eyni olsa da, himayədar ailədə uşaqların saxlanılması üçün xərclər qarşılanır.
Bəs görəsən, “Himayədar ailə” modelinin tətbiqi nə dərəcədə effektlidir? Bu modelin övladlığa verilmədən üstünlüyü nədir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Övladlığagötürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərovun sözlərinə görə, dövlət başçısının 15 fevral 2022-ci il tarixli fərmanı ilə noyabrın 1-dən nazirliyə bəzi səlahiyyətlər verilib. Bunlardan biri də himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə, himayədar valideynlərin elektron uçotunun aparılmasıdır: “Himayədar ailə alternativ ailə, qayğı formasıdır, yəni valideyn himayəsindən məhrum olmuş uşaqlar qayğıya cəlb edilməklə onların ailə mühitində yaşaması təmin edilir. Uşaqların xərclərinin qarşılanması üçün onlara dövlət tərəfindən müavinət təyin olunur. Övladlığa götürmədən fərqli olaraq burada uşaqla valideynlər arasında ata-ana-övlad münasibəti yaranmır. Himayədar ailə professional xidmətdir. Burada məqsəd uşağın müəssisəyə düşməsinin qarşısını almaq, onun ailə mühitində yaşamasını təmin etməkdir. Müəssisədə qayğı, uşağın fiziki, psixoloji inkişafı daha zəif gedir, nəinki ailə mühitində. Eyni zamanda ailədə uşaq sosiallaşır, cəmiyyətə qaynayıb, qarışır. Bu mexanizmin Azərbaycanda necə işləyəcəyini müəyyənləşdirmək üçün araşdırmalar aparılıb. Bunun din, mədəniyyət və cəmiyyət baxımından bizə yaxın olan Türkiyədə uğurlu tətbiq olunduğu müşahidə edilib. Eyni zamanda layihəyə başlamazdan əvvəl elektron sorğu keçirilib və kifayət qədər maraqlı nəticələr əldə olunub. Belə ki, respondentlərin böyük əksəriyyəti bu mexanizmin tətbiq olunacağı halda qeyd-şərtsiz hər hansı ödəniş olmadan belə uşaq himayəyə götürüb baxa biləcəklərini bildiriblər”.
F.Ələkbərovun sözlərinə görə, bu model Azərbaycan cəmiyyəti üçün yad deyil: "Cəmiyyətdə kifayət qədər ailələr var ki, öz qohumunun, qonşularının övladlarını götürüb saxlayır, qeyri-rəsmi qayğı göstərirlər. Buna görə hər hansı ödəniş almırlar. Hüquqi mexanizm formasında təsdiq edilməsi bu qayğını daha cəlbedici edəcək. Mexanizm yeni olduğu üçün ilk vaxtlarda müraciət sayı az və ya müəyyən problemlər ola bilər, amma bunlar zamanla həll olunacaq. Məsələn, Türkiyədə bir neçə onillikdir ki, bu mexanizm tətbiq olunur, əvvəlki illərdə himayədar valideynlərin sayı az olsa da, hazırda dövlətin diqqəti sayəsində onların sayı artıb".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında Azərbaycanda "Himayədar ailə institutunun yaradılmasının kifayət qədər vacib addım olduğunu deyib. Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşaması son dərəcə mühüm istiqamətlərdəndir:
“Bu model təkcə Türkiyədə yox, inkişaf etmiş ölkələrin hər birində var. Amma Azərbaycanda məhz Türkiyə modelinin tətbiqi təqdirəlayiqdir. Həm millət olaraq birliyimiz, həm də qanunvericiliyimizdəki bənzərliklər fonunda bu modelin Azərbaycanda tətbiqinin uğurlu olacağını düşünürəm. Türkiyədə sosial iş institutu kifayət qədər formalaşıb və onların peşəkar kadrlarının təcrübələrindən yararlanmaq ölkəmiz üçün faydalı bir işdir. Qoruyucu ailələrin sayəsində hər il Türkiyədə nə qədər uşağın uşaq müəssisəsinə düşməsinin qarşısı alınır”.
K.Ağazadənin sözlərinə görə, Türkiyənin “Qoruyucu ailə sistemi”nin Azərbaycanda da tətbiq olunması uşaqların düzgün formalaşması, layiqli vətəndaş kimi böyüməsi baxımından çox önəmli bir layihədir:
“Uşaq müəssisələrində böyüyən uşaqların kütləvi tərbiyələndirilməsindənsə, bu uşaqların xüsusi təlim keçmiş himayədar ailələrdə böyüməsi və tərbiyə alması daha məqsədəuyğundur. Azərbaycanda himayədar ailələrin yaradılması bir qədər çətin olsa da, mümkündür: Bizim xalqımızın mentalitetində var ki, hansısa uşağa baxırlarsa, onu özününküləşdirsinlər.
Belə düşünürlər ki, uşağa baxıb onun böyüməsinə dəstək olacaqlarsa, ona valideynlik hüququ onlara məxsus olmalıdır. Bəzən ehtiyat edirlər ki, qayğı və dəstək göstərdikləri uşaq böyüyəndə öz ata-anasının yanına qayıdar.
Ona görə də himayədar ailə ilə bağlı insanlara məlumat vermək, himayədar ailə modelini yaratmaqda əsas məqsədin ailə qayğısından məhrum olmaq riski ilə üzləşən uşaqların uşaq evlərinə düşmə təhlükəsini önləmək məqsədinə xidmət etdiyi izah olunmalıdır”.
Bu modelin uşaq alverinə rəvac verəcəyi ilə bağlı iddialara gəldikdə isə K.Ağazadə belə bir təhlükənin real olmadığını deyib: “Daha doğrusu, insan alverindən heç bir ailə, heç bir uşaq sığortalanmayıb. Bu işlə məşğul olan cinayətkarlar himayədar ailələrdə böyüyən uşaqları da hədəf ala bilər, bioloji ailədə böyüyən uşaqları da”.