Yusif Bəkirov: "Bu istiqamətdə dövlətin gördüyü işlər qənaətbəxşdir"
"Bütün dünyada uşaqların hüquqlarının pozulduğu ilə bağlı hallara rast gəlmək olar. Bu, acı olsa da bir həqiqətdir"
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Dünyada çox böyük sürətlə qloballaşma prosesi gedir. Bu, bir tərəfdən elmin inkişafı, kompüter erası ilə xarakterizə olunursa, digər tərəfdən sivilizasiyanın indiki mərhələsində ortaya çıxan çox mühüm dünyəvi problemlərlə əlaqələndirilir. Bəşəriyyətin inkişafı, gələcək taleyi üçün ən mühüm problemlərdən biri uşaqların taleyi ilə bağlıdır. Uşaq hüquqları problemi isə belə bir inkişaf kontekstində böyük əhəmiyyət daşıyır. Bu gün respublikamızda uşaq hüquqları beynəlxalq hüquq və ölkə qanunvericiliyi normalarına əsasən qorunur. Azərbaycan dövlətinin yeritdiyi siyasət BMT-nin Uşaq Hüquqları Konvensiyasının tələblərinə tamamilə cavab verir. Onlar daim Azərbaycan dövlətinin himayəsi və qayğısı ilə əhatə olunurlar. Ümidvarıq ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlara da diqqət və qayğı yüksələcəkdir.
Uşaq hüquqlarının pozulması aktual bir mövzu olduğundan uşaqlara öz hüquqlarını necə qorumağı təbliğ etmək lazımdır. Hər bir uşağın müdafiə olunmaq hüququ var. UNICEF Azərbaycanda, xüsusilə inteqrasiyalı sosial xidmətlər, ədliyyəyə çıxış və uşaq hüquqlarının monitorinqi sahələrində uşaqların milli müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində iş aparır. Uşaqların milli müdafiə sistemləri sosial rifah, təhsil və səhiyyə məsələləri ilə məşğul olan təşkilatlardan, habelə risk vəziyyətində olan uşaqlarla bağlı cavab tədbirlərinə məsuliyyət daşıyan hüquq-mühafizə orqanları və strukturlarından ibarətdir. Güclü uşaq müdafiəsi sistemi adətən uşaqların və onların ailələrinin üzləşdiyi çoxsaylı qarşılıqlı çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır.
Uşaq hüquqlarının müdafiəsi, onların layiqli insan kimi yetişməsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənməsi müstəqilliyin ilk illərindən Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Uşaqlarla bağlı siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildən bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilmiş, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub.
1999-cu ildə isə "Uşaq Hüquqları Konvensiyasına qoşulub.
Qeyd edək ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş "Uşaq Hüquqları haqqında" Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir.
Bu il həmin Konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur.
"Uşaq hüquqları haqqında" Konvensiyanın implementasiyası və BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən dövlətin dövri məruzələri üzrə verilmiş tövsiyələrin icrası məqsədilə ölkədə normativ-hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, uşaqların müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Ölkədə uşaq hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması, təmin edilməsi vəziyyətinin öyrənilməsi və pozulmuş hüquqların bərpası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Bu baxımdan, Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də "Uşaq Hüquqları haqqında" Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.
Aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.
Hər il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Açıq dərs” və seminarlar təşkil olunur.
Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilir. Bildirilir ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir.
Bundan əlavə, Vətən müharibəsi dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşağın həlak olması, 50 nəfərinin yaralanması, bir çox uşağın isə valideynlərini itirmələri barədə məlumat verilir. Qeyd edilir ki, mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil, səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasına gətirib çıxarıb.
Vurğulanır ki, uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər. Bildirilir ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, bu gün hər bir uşaq öz üzərində dövlət qayğısını hiss edir: “Uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvü bütün gücünü səfərbər etməlidir. Dövlətimiz uşaq hüquqlarının qorunması istiqamətində mühüm işlər görür. Lakin hansısa sahədə işlər görülürsə, deməli, ortada müəyyən problemlər də var. Demək olmaz ki, bütün dünyada “Uşaq Hüquqları Konvensiyası”na qoşulan dövlətlərin hansısa birində hər şey yüksək səviyyədədir. Bu konvensiyaya qoşulan dövlət uşaqların inkişafı, sosial, fiziki və psixoloji müdafiəsi üçün hər bir işi görür. Dövlətimiz də bu sahədə siyasətini davam etdirir".
Y.Bəkirovun fikrincə, Uşaq Hüquqları konvensiyasına qoşulduğumuzdan bəri dövlətin uşaq hüquqlarının qorunması istiqamətində gördüyü işlər qənaətbəxşdir:
“Dövlətimiz “Uşaq Hüquqları Konvensiyası”na qoşulduqdan sonra 5 ildən bir hesabatlar yazır. Bu hesabatlar Azərbaycanda uşaqların vəziyyətini şərh edir. 1997-ci ildə ilk hesabatı yazdıq. BMT dövlət hesabatları ilə ictimai təşkilatların hesabatlarını müqayisə edib öz tövsiyələrini verir. Dövlətimiz isə həmin tövsiyələri həyata keçirməlidir. Bu tövsiyəni də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir. Düzdür, uşaqların intihar etməsi, zorakılıq halları ilə qarşılaşması rast gəlinən hadisələrdən biridir. Bu xoşagəlməz məqama bütün dünya ölkələrində rast gəlmək olar. Ona görə də bu problemləri və səhvləri göstərməliyik ki, daha yaxşı nəticələr alınsın. Lakin nə qədər yüksək səviyyədə işlər görülsə də, tam razı qalmaq çətindir. Çünki bütün dünyada uşaqların hüquqlarının pozulduğu ilə bağlı hallara rast gəlmək olar. Bu, acı olsa da bir həqiqətdir”.