Vəfa İsmayılova: "Gənclər gündə iki və ya üç çay qaşığı, bəzi xəstəlikləri olan insanlar isə gündə bir qaşıqdan çox bal istifadə etməməlidilər"
Qısa müddətdə populyarlıq qazanan "Tik-Tok" tətbiqində dondurulmuş bal yemək trendinə milyonlarla insan qoşulub.
Mütəxəssislər trendə qoşulan insanlara xəbərdarlıq edib.
Onlar 630 milyon şərh və video alan bu trendin insanlarda insulinə qarşı müqaviməti zəiflədəcəyini bildirib. Eyni zamanda yüksək şəkər tərkibi dişlərin çürüməsinə səbəb olur. Dondurulmuş bal mədə və bağırsaq xəstəliklərinə də gətirib çıxarır. Qastrit kimi şikayəti olanlar ondan uzaq durmalıdır.
Həmçinin, bu bal yüksək kalori tərkiblidir. Arıqlamaq istəyən şəxslər istifadə etməməlidir. Əsas ziyan isə 1-ci və 2-ci tip şəkərli diabet xəstəsi olan insanlar üçündür. Şəkər xəstəliyi olan insanlar bal yeyərkən porsiyasına diqqət etməlidir.
"Tik-Tok" kimi kanallarda sürətlə yayılan tendensiyaları və çağırışları tətbiq etməzdən əvvəl bu tendensiyaların nə qədər sağlam olduğunu araşdırmaq, mümkün riskləri anlamaq və fiziki sağlamlığımızı qorumaq üçün çox vacibdir.
Dietoloq Vəfa İsmayılova isə deyib ki, bal bədəndən zərərli toksinləri çıxaran əla antioksidantdır. Zərərli toksinlər bədəni tərk edəndə mədə-bağırsaq traktının və dərinin vəziyyəti yaxşılaşır. Balın bununla bağlı faydaları zamanla və bir çox klinik tədqiqatlarla sınanıb. Amma bal 1 yaşdan kiçik uşaqları zəhərləyir.
Arılar bal hazırlamaq üçün çiçəklərdən nektar toplayarkən, botulizm bakteriyalarını da toplayıb fərqində olmadan balın hazırlanmasında istifadə edirlər:
“Yetkin insanlarda həm bədənin müqaviməti güclü olduğundan, həm də mədənin turşu səviyyəsi bu bakteriyanın zərər verməsinə imkan vermir. Körpələrdə isə həm müqavimət sistemi yaxşı inkişaf etmir, həm də mədə yalnızca ana südünü həzm edəcək haldadır.
Yetkin insanların əksinə, kiçik uşaqlarda həzm sistemində botulizm mikroblarını yoxlayan, bakteriyaların çoxalmasını və zəhər ifraz etməsini əngəlləyən faydalı bakteriyalar hələ inkişaf etməyib. Bu bakteriya uşaqlarda "botulizm" adı verilən təhlükəli zəhərlənməyə yol aça bilər. Zəhərlənən körpə, nəfəsalma və udqunma problemi çəkə bilər, qol, ayaqlar və boyunda gücsüzlük ortaya çıxa bilər və bu hal çox ciddi problemlərə yol aça bilər. 1 yaşını keçmiş uşaqlara balın zərəri olmazkən, bu yaşdan aşağı uşaqlara bal verilməməyi tövsiyə edilir”.
Dietoloq deyib ki, gənclər gündə iki və ya üç çay qaşığı, bəzi xəstəlikləri olan insanlar isə gündə bir qaşıqdan çox bal istifadə etməməlidilər. Onun sözlərinə görə, piylənmə, şəkərli diabet, ateroskleroz və ya hipertoniyadan əziyyət çəkənlər balı xüsusi ehtiyatla yeməlidirlər: “İnsanda istənilən yaşda bala qarşı allergiya ola bilər. O, bala qarşı allergiyası olmayan insanlara bu məhsuldan yarım çay qaşığından çox yeməməyi tövsiyə edib.
Balın tərkibində turşular, mədəni qıcıqlandıran məhsullar var. Ona görə də onun həddindən artıq istehlakı qastrit və hətta mədə xoralarının inkişafına səbəb ola bilər. Amma eyni zamanda, bədənə enerji verən bioaktiv maddələr olduğundan soyuqdəymə zamanı kömək edir. Xolesterolu normallaşdırır, yaddaşı yaxşılaşdırır.
Balda kalsium da var, beyin tərəfindən asanlıqla mənimsənilir və müsbət təsir göstərir. Balın istifadəsinin əhəmiyyətli nəticələri təxminən 2-3 ildən sonra görünə bilər. Tərkibindəki antioksidantlar damarların daralmasının qarşısını alır və normal qan dövranını bərpa edir. Balın ürək problemləri olanlar üçün çox faydaları var. Heç bir problem olmasa belə, ürək xəstəliklərinin profilaktikasında istifadəyə yararlıdır”.