Gender kvotası Azərbaycanda da tətbiq olunmalıdır
Qadınların idarəetmədə sayı artdıqca qəbul olunmuş qərarların rasionallığı və sosiallığı artacaq
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Azərbaycanda gender kvotası müzakirə edilir. Gender kvotasının əsas ideyası siyasi qərarların qəbul edilməsinə mümkün qədər çox qadının cəlb edilməsidir.
Kvotaların əsasında qadın və kişilərin bərabərliyinin müasir konsepsiyası durur. Gender kvotalarının əsas ideyası qadınların siyasi təmsil olunmasını artıraraq, qadınları qərar qəbuletmə səviyyəsinə cəlb etmək və onların siyasi həyatdan təcrid olunmalarına imkan verməmək, ya da neytral gender kvotaları zamanı hər iki cinsin təmsil olunmasına şərait yaratmaqdır. Bu halda kvota sistemi xüsusilə əksəriyyəti qadın olan sahələrdə kişilərin də maraqlarını nəzərə alır. Məsələn, sosial sahədə, ya da təhsildə. Gender kvotaları dünyanın, o cümlədən də Avropanın bir çox ölkələrində tətbiq olunur və hər yanda bu, müvəqqəti xarakter daşıyır – gender balans bərqərar olan kimi kvotalar artıq lazım olmur.
Bu gün inkişaf etmiş ölkələrin əksəriyyətində gender bərabərliyinin tam təmin olunması üçün gender kvotası tətbiq olunur.
Məsələn, Norveç gender kvotası tətbiq olunan ilk ölkələrdəndir və burada kvota 2003-cü ildən tətbiq olunur. Həmin kvotaya görə, dövlət məhdud məsuliyyətli şirkətlərinin idarə heyətinin 40 faizi qadın olmalıdır. Fransa, İspaniya, Hollandiya və digər ölkələr də oxşar addımı atıblar. Qonşu Gürcüstanın Seçki Məcəlləsinə (MSK) gender kvotasını nəzərdə tutan dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, seçkilərdə iştirak edən partiyaların Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi partiya siyahılarında namizədlərin hər dörd nəfərindən biri qadın olmalıdır.
Əks halda MSK siyahını təsdiqləməyəcək və partiya seçkidə iştirak edə bilməyəcək. Gürcüstanda gender kvotası 2028-ci ilə qədər qüvvədə olacaq.
Bu günlərdə Avropa ölkələri üçün qadınların rəhbərlikdə iştirak kvotası müəyyən edilib.
Avropa Parlamenti Avropa İttifaqına üzv olan ölkələrdə şirkət rəhbərlərinin ən azı 33 faizinin qadınlardan ibarət olmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Avropa Parlamenti (AP) 2026-cı ilin iyun ayına qədər Avropa İttifaqı (Aİ) ölkələrində açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərən iri şirkətlərdə menecerlər arasında gender kvotasını müəyyən edən qanun təklifini qəbul edib.
Qanun layihəsinin tələblərini 2026-cı ilin iyun ayına qədər həyata keçirməyən şirkətlərə müvafiq cərimələr tətbiq ediləcək.
Azərbaycanda isə gender kvotasının tətbiqi ilə bağlı fikirlər haçalanır.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, “Siyasi partiyalar haqqında” yeni qanunda gender bərabərliyinə dair kvota olmalıdır: “Kvota məsələsi çox vacibdir. Parlament, bələdiyyə - bütün seçkilərdə qadınlar üçün imkan daxilində kvota olsun”.
Millət vəkili Zahid Oruc isə hesab edir ki, siyasi partiyalarda qadınların təmsil olunması məsələsi könüllü olmalıdır. Bunu süni kvotalarla yaratmaq düzgün olmazdı: “Bu məsələ işçi qrupunda müzakirə olunarkən müəyyən beynəlxalq təcrübə nəzərə alınıb, müxtəlif ölkələrdə qadınlara aktiv siyasi proseslərə, idarəetmə sisteminə cəlb etmək üçün kvotalar qoyulub. Amma bunu siyasi partiyalara güclə tətbiq etməkdə müəyyən qüsurların ola biləcəyini əvvəldən deyə bilərik. Bunlar əlbəttə təşviq mexanizmlərinə, daha başqa addımlarla həyata keçirilməlidir. Azərbaycan cəmiyyətinin yarısını qadınlar, yarısını da kişilər təşkil edir. Parlamentdə təmsil olunanların müəyyən hissəsi qadınlardır. Hər bir siyasi qurumda müavinlərin 1/3 nisbətdə qadın olması partiyaları mexaniki prosesə qoşacaq. Əgər biz qadını cəmiyyətdəki fəallığından, təhsilindən, öz iradəsindən irəli gəlməsə bunu süni kvotalarla edə bilməyəcəyik. Qadınlarımızın gələcək ölkə həyatında hər hansı statusda iştirakında heç bir problem yoxdur. Sadəcə bunu yeni layihənin predmetinə çevirmək yanlış sayıldı və işçi qrupu bunu qəbul etmədi”.
Hüquq müdafiəçisi Mehriban Abdullayeva deyib ki, yalnız bu sistem əsasında qadın və kişilərin iş həyatında bərabərliyini təmin etmək mümkündür. Kvota tərəfdarları hesab edirlər ki, gender kvotası qadınlara fəal mübarizə aparmaqda və öz inkişafları üzərində işləməkdə əlavə stimul olacaq. Siyasətdə çox qadının olması digər qadınlar, gənc nəsil qızlar üçün də cəlbedici nümunə olacaq: “Bundan başqa, kvotalar partiyaların öz sıralarına daha ixtisaslı qadınları cəlb etməsi, onların inkişafına daha çox zaman və resurs xərcləməsi üçün əlavə stimul olacaq ki, onların rəqib partiyalara nisbətən daha çox peşəkar kadrları olsun. İnsanlar siyasətdə çox qadın görsələr, bu stereotip sındırılmış olacaq.
Ölkəmizdə dövlət idarəçiliyində qadınların təmsilçiliyi mahiyyət deyil, istisnadır. Hətta son vaxtlar dövlət strukturlarında qadınların vəzifələrə təyin olunması da bu istiqamətdə ciddi mahiyyət ortaya qoymağa yetərli deyil. Yüksək səlahiyyətli qadınların idarəetmə orqanlarında çox olması, cəmiyyətə müsbət nəticə verə bilər. Qadın psixologiyasından irəli gələn elə məsələlər var ki, onlar cəmiyyətdə uzlaşmaya, dialoqa, şəffaflığa, inkişafa və cəmiyyətdaxili sosial-siyasi münasibətlər sisteminə müsbət töhfə verə bilər. Qadın və demokratiya bir-birinə çox yaxın olmaqla yanaşı, həm də bir-birini tamamlayır. Qadınlara Milli Məclisdə, bələdiyyələrdə və digər dövlət strukturlarında təmsilçilik kvotası ayrılmalıdır. Dövlət və xidmət sektorunda bu istiqamətdə şəffaf siyasət həyata keçirilməlidir. Əks halda bu siyasət müsbət yox, mənfi nəticələrə gətirəcək. Qadın xalqımızın yüksək dəyərlərindən biridir. Qadınlara öz potensialını ifadə etmək üçün dövlət imkan yaratmalıdır. Qadınlara idarəetmədə etimad göstərməklə cəmiyyətə yeni nəfəs vermək olar. Təcrübə göstərir ki, qadına idarəetmədə geniş səlahiyyət verməkdən qorxan cəmiyyətlərdə avtoritar, totalitar meyillər daha geniş müstəvi qazana bilib. Böyük öndər Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin ilk dövrlərindən dövlət orqanlarında qadınlara təmsilçilik kvotası müəyyən edib. Onun nəticəsidir ki, bu gün müsəlman dövlətləri arasında demokratik Türkiyənin yeri çox müsbət fərqlənir”.
REAL partiyasının icraçı katibi Natiq Cəfərli də qeyd edib ki, Azərbaycanda istər idarəetmədə, istərsə də siyasi sahədə qadın təmsilçilərin sayı çox azdır: "Bu həm tarixi keçmişlə, həm də cəmiyyətin düşüncəsi ilə bağlıdır. Hesab edirəm ki, qadınların siyasətdə iştirakı siyasəti daha rəngarəng hala sala bilər. Bunun üçün də Azərbaycanda ilkin mərhələdə pozitiv ayrıseçkilik mexanizmlərindən istifadə etmək lazımdır – necə ki, bəzi Avropa ölkələri ilkin mərhələlərdə bu pozitiv ayrı-seçkilikdən bəhrələnib. Məsələn, siyasi vəzifələrdə və ya ümumilikdə parlamentdə deputatların ən azı 25 faizinin qadınlardan ibarət olması ilə bağlı kvota qoymaq olar”.
N.Cəfərlinin sözlərinə görə, bu sahədə inkişaf etmək üçün ümumilikdə cəmiyyətin düşüncəsi dəyişməlidir: “Bunun üçün də uğurlu modellər lazımdır ki, həmin düşüncələri dəyişdirə bilsin. Həmçinin televiziyalarda, mətbuatda siyasi sahədə uğur qazanmış xanımların təbliğatı aparılmalıdır ki, cəmiyyət yavaş-yavaş buna alışsın. Çünki bəzi valideynlər hələ də qız uşaqlarının oxumasına qarşıdır, nəinki siyasətçi olmasına. Yəni hələ də qadınlara qarşı müəyyən sərhədlər mövcuddur.
Skandinaviya ölkələri dünyanın ən inkişaf etmiş ölkələrindəndir. Orada araşdırma aparılıb və nəticələrə görə, idarəetmədə və təmsilçilikdə qadınların sayı 71 faizə yaxındır. Bu da həmin ölkələrin istər beynəlxalq əlaqələrində, istərsə də daxili siyasətində çox uğurlu nəticələr əldə etməsinə gətirib çıxarır”.
Partiya funksioneri deyib ki, qadınların idarəetmədə sayı artdıqca qəbul olunmuş qərarların rasionallığı və sosiallığı artır: “Yəni daha çox sosial yönümlü qərarlar qəbul edilir. Bu da təbii ki, xanımların kişilərdən sosial baxımdan daha həssas olmasından irəli gəlir. Bu baxımdan düşünürəm ki, Azərbaycanda da xanımların idarəetmədə sayı artırılsa, bu, ölkənin inkişafına çox müsbət təsir edə bilər”.