İntiharların sayında azalma müşahidə olunur


Sosioloq bunu karantin rejiminin yumşaldılması ilə əlaqələndirir

  Ötən illə müqayisədə özünü öldürmə cinayətində azalma var.
Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun Elmi Məsləhət Şurasının iclasında deyib. O bildirib ki, bəzi hallarda yazılar düzgün işıqlandırılmır: "Biz bir müddət əvvəl jurnalistlərlə görüş təşkil etdik. İntihar xəbərlərinin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr apardıq. Bu, öz nəticəsini verdi. Bu ilin birinci yarımili ilə ötən ilin birinci yarımilini müqayisə etdikdə 30-50 fakt azalma qeydə alınıb. Mətbuat artıq bu xəbərlərə həssaslıq nümayiş etdirir".

  Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında bildirib ki, bu, sadəcə, fərziyədir. İntiharların sayında  azalma olub-olmadığını dəqiqləşdirmək üçün sosioloji araşdırma aparmaq lazımdır: “İnsan psixologiyasının aldığı informasiyanın təsirinə düşməsi  inkaredilməzdir. Aldığımız informasiyalar bəzən bizim davranışımıza ciddi təsir göstərir. Əslində bəzi  insanlarda  doğulduğu andan onlarda intihar kompleksi olur. İntiharların artmasının ən birinci səbəbi də özünü reallaşdıra bilməmək, sabaha ümidsizlikdir. 
Elə insanlar var ki, anadan olandan onlarda intihara, zorakılığa meyillilik olur. Bu da insanın nəslindən, genindən, ana bətnində olduğu dövrdə ananın keçirtdiyi həyat şəraitindən asılı olur. Elə ola bilər ki, mühit intihara, zorakılığa meyilliliyin qarşısını alsın. Elə də ola bilər ki, mühit bunları inkişaf etdirsin.  Alınan informasiyalar da bu istiqamətdə müsbət və yaxud mənfi təsir göstərə bilər. Üstünlük verdiyi dəyərlərə gəldikdə isə mənəvi dəyərlərə üstünlük verən insan tənzimlənir, özünü belə neqativ hallardan qoruyur. Amma elə insanlar da var ki, mənəvi dəyərlər arxa plana keçir, burada müdafiə sistemi zəifləyir. İnsanlar cəmiyyətdə öz yerini tapmayanda, yəni bir işlə məşğul olmayanda, gələcəyə dair ümidsiz olduqda onlarda intihar, zorakılıq xüsusiyyətləri sürətlə inkişaf edir. Və nəticədə böhranlı vəziyyət yaranır, bir çox hallarda da bu vəziyyətdən çıxmaq qeyri-mümkün olur.
  Doğrudan da özünəqəsd sayında azalma varsa, mənim şəxsi fərziyələrimə görə, bu, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin yumşaldılması, qapanmaların aradan qaldırılması ilə bağlı ola bilər”.