Dövlət qurumlarına sərt TƏPKİ:“Yolların qarını yaşlı qadınlara təmizlədirlər”


"Qarlı havada yolların buz örtüyünü əritmək üçün duz səpilməsi həyata keçirilir. Buna  görə adiyyəti qurumlar bəzi yerlərdə yağıntıdan əvvəl  şou xarakterli açıqlamalar verdilər. Guya hər yeri nəzarətə götürüblər".

Bu sözləri   "Sherg.az"a  nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı şəhərətrafı yolların duzlanmaması ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, müşahidə olunan nəzarət mərkəzi küçələrdən ibarətdir: 

"Məhəllə daxili və alternativ yollar gözdən kənar qalır. Artıq 10 ildir, bu məsələ davam edir. Hər il eyni yanaşma ilə problemi aradan qaldırdıqlarını bildirirlər. Bir neçə küçədən başqa digər yerlərə baxış keçirmirlər. Ölkənin vəzifəli şəxslərinin keçdikləri yerləri nəzarətə alaraq, adiyyəti qurumların işlədiklərini nümayiş etdirirlər. Paylaşdıqları fotolar, etdikləri çıxışların hamısı nağıldır. İnsanların hər biri vəziyyəti görüb, başa düşür. 

Buna görə də bu gün bir çox vətəndaş getdiyi ünvana avtomobilsiz yollanıb. Müvafiq dövlət təşkilatlarının nümayəndələri, işçiləri və rəhbər şəxslərinə kiminsə yolda qalması maraqlı deyil. Hər il müəyyən qədər vasait ayrılır və texnikalar alınır. Lakin bunun bir əhəmiyyəti olmur. İndi yolların qarını yaşlı qadınlara təmizlədib, texnikaları isə bəlli ərazilərdə yerləşdirirlər. Həmin  yollardan başqası duzlanıb, təmizlənmir". 

Ekspert sonda onu da diqqətə çatdırıb ki, Bakı şəhər İcra Hakimiyyəti , Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,bu işi bacarmırsa, o zaman yerli idarəetmə orqanlarına imkan vermək lazımdır:

“Bələdiyyələr bu işi öz üzərlərinə götürə bilərlər. Hər biri öz ərazisini və edəcəyi işi yaxşı bilir. Ümümi şəhər İcra hakimiyyəti bu məsələnin öhdəsindən gələ bilmir”.
 
Şərqiyyə NƏBİ