Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi aparılıb

Rusiya Kiyevin nəzarətindəki ərazilərdə olan 95 rusiyalı hərbçini geri qaytarıb və bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 95 hərbi əsirini təhvil verilib.

APA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il oktyabrın 18-də danışıqlar prosesi nəticəsində 95 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 95 hərbi əsiri təhvil verilib”, - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin hazırda bütün Rusiya hərbçilərinin Belarus Respublikası ərazisində olduğu, onlara lazımi psixoloji və tibbi yardımın göstərildiyi, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verildiyi bildirilir.

Qeyd olunur ki, əsirlikdən azad edilmiş rusiyalı hərbçilər müalicə olunmaq üçün Rusiyaya aparılacaq.