Lerikdə ehtiyatsızlıq üç nəfərin yanıq xəsarətləri almasına səbəb olub

Lerikdə ehtiyatsızlıq üç nəfərin yanıq xəsarətləri almasına səbəb olub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şinəbənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov odun peçini qızdırarkən benzindən istifadə edib. Bu zaman sobadan yayılan alov iki yaşlı uşağın paltarını yandırıb. Uşağın anası, 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova övladını xilas etmək istəyərkən özü də yanıq xəsarətləri alıb.

İki yaşlı uşaq və anası Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, atası isə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Uşağın bədən səthinin 90%-i yandığından vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.