3-ü 10 manata kənd çolpası?

Keyfiyyətsiz məhsulu kənd çolpası adı ilə camaata sırıyırlar

Aşağı qiymətə satılan kəsilmiş toyuqlar yumurtadan kəsilənlərdir


  Son zamanlar binaların, metrostansiyaların qabağında 3-ü 10 manata kənd çolpası adı ilə 
toyuqlar satılır. Ucuzluğuna həvəslənib, alanlar da az deyil.
Maraqlıdır, ətin bu qədər bahalaşdığı bir zamanda 3-ü 10 manata toyuq əti almaq olarmı? 

  Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə 
Heyətinin sədri Mürvət Həsənli deyib ki, əslində bu cür toyuqlar ölkəmizə daha çox Belarusdan 
gətirilir. Onun sözlərinə görə, bu toyuqlar dondurulmuş halda olurlar və qablaşdırmanın üzərində 
2-ci sort olduğu qeyd edilir. Sadəcə, bəzi işbazlar qablaşdırmanı cırır, keyfiyyətsiz məhsulu kənd 
çolpası adı ilə satmağa çalışırlar.

  Qida məsələləri üzrə ekspert Ağa Salamov  isə  “Şərq”ə açıqlamasında deyib ki, toyuqların 
ucuz olmasına əsas səbəb yaşı keçmiş olmalarıdır:

”Bu cür aşağı qiymətə satılan kəsilmiş  toyuqlar yumurtadan kəsilənlərdir. Bu toyuqlar, yumurtalıq olaraq yetişdirilirlər.  Yarka dövrünü  keçən heyvan ətinin satışı və yeyilməsi isə doğru deyil. Yarka yumurtlamadan öncəki olan və xoruz olmamış dövrdür. Toyuq dediyimiz isə yumurtlayanlardır. Yumurtadan kəsilən toyuqları isə  kəsib bu cür ucuz qiymətə satırlar. Belə həddi-buluğa çatan quş ətləri isə yeyilmək üçün əlverişli deyil”.