Ev işləri yenə qadınlara qaldı


Hesabata əsasən dünyada ev işlərinin böyük əksəriyyətini məhz qadınlar icra edir

  8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində açıqlanan statistik rəqəmlər ev işlərinin böyük faizinin məhz qadınlar tərəfindən icra edildiyi gerçəyini üzə çıxarıb. Türkiyə Statistika Qurumu “Rəqəmlərlə qadın” hesabatını təqdim edib. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, hesabata əsasən, dünyada məhz qadınlar ev işlərinin böyük əksəriyyətini icra edir. İşçi qadınların sayı kişilərdən dəfələrlə az, hətta yarıdan da az olmasına baxmayaraq, ev işləri böyük faizlə yenə qadınların çiynindədir. 2022-ci ildə Türkiyədə qadınların sayı 42 milyon 575min 441, kişilərsə 42 milyon 704 min 112 nəfər olub. Əhalinin 49,9 faizini qadınlar, 50,1 faizini isə kişilər təşkil edib. Görünən budur ki, qardaş ölkədə də qadınların ümumi sayı azalmaqdadır. Yaş həddinə gəlincə isə 60 və daha yuxarı yaş qrupundan qadınlar çoxluq təşkil edir. Yaşam Məmnuniyyəti araşdırmasına görə, qadınların 30,4 faizi özünü güvənsiz, 51,1 faiz isə güvəndə hiss edir. Kişilər bu hesabda irəli çıxıb – 71.9 faiz özünü güvənli hiss etdiyini bildirib. Təhsilalma sahəsində də kişilər qadınları üstələyir. Qadınların 87,3 faizi, kişilərinsə 97,1faizi təhsilin müəyyən pilləsini tamamlamış vəziyyətdədir. Əmək fəaliyyəti ilə məşğul olan qadınların sayı ötən illərə nisbətən artsa da, kişilərlə müqayisədə yenə aşağıdır. Ailədə ev işlərinin icrasında kimlərin daha çox çalışdığı da məlum olub. Hesablamalarda məhz qadınların ev işlərinin böyük əksəriyyətini icra etdikləri müəyyənləşib. Uşaqlara qulluq, paltarlar, qab-qaşıq yumaq, yemək hazırlamaq, evin təmizliyi, bazarlıq kimi işlər yenə qadınların öhdəsindədir. Kişilər əsasən kiçik təmir işləri və kommunal xərclərin ödənməsinə cavabdeh olub. Hətta onlayn alış-verişdə də kişilər qadınları üstələyib – 42,7-yə qarşı 49,7 faiz.