Velosiped Azərbaycanda populyar nəqliyyat vasitəsinə çevrilə bilmir  

Çünki şəhərdə velosipeddən rahat və təhlükəsiz qaydada istifadə etmək üçün heç bir infrastruktur yoxdur


  DİN-in Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib. Müraciətdə deyilib ki, velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir: “Ötən il ərzində velosipedçilərin vurulması ilə nəticələnən 29 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 15 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir.

  Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu unutmamalıyıq.
  Qanunvericiliyin tələbinə əsasən, velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli, idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır. Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratmamalıdırlar".

  Nəqliyyat məsələləri üzrə  ekspert Ərşad Hüseynovun sözlərinə  görə, şəhərdə velosipeddən rahat və təhlükəsiz qaydada istifadə etmək üçün heç bir infrastrukrur yoxdur. Nə xüsusi velosiped yolu, nə də velosiped zolağı var. Ona görə də velosiped Azərbaycanda populyar nəqliyyat vasitəsinə çevrilə bilmir.  

  Ekspertin sözlərinə görə, digər böyük problem isə velosipeddən istifadə edənlərin bir çoxunun  yol hərəkəti qaydalarını bilməməsidir. 

Ona görə də yol hərəkəti iştirakçısı kimi tam intizamlı hərəkət etmirlər, ciddi qayda pozuntuları törədənlər var: “Avtomobil sürücüləri belə  velosipedlə yanaşı hərəkət etməyin qaydalarını, özəlliklərini, təhlükəsizliyini bilmirlər. Halbuki hər bir sürücü velosipedin təhlükəsizliyini necə qorumaq lazım olduğunu bilməlidir. 

  Velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının sayını minimuma endirmək üçün  bu istiqamətdə ciddi  işləmək lazımdır. İnfrastruktur yaradılmalı, aşağı sürətli küçələrdə velosiped zolaqları yaradılmalı, velosipedçilər öyrədilməli, təbliğat aparılmalıdır. 

Onlara başa salmaq lazımdır ki, velosiped də nəqliyyat vasitəsi sayılır. Mexaniki olmasa da, insanın fiziki enerjisi ilə işləyən nəqliyyat vasitəsidir. Yol hərəkəti ilə bağlı tətbiq olunan  qaydalar, nişanlar ona da aiddir”.