Novella Cəfəroğlu: “İqtidardan nə ev almışam, nə maşın”

“Söz vermişdilər, Bəxtiyarı buraxacaqdılar. Amma... Onun qadınlarla olan rüsvayçı videoları, yazışmaları, fotoları ortaya çıxdı. Bunu hakimiyyət eləmədi, öz dostları, yaxın ətrafı elədi. Bundan sonra mən onu necə müdafiə edə bilərəm?! Ən pis qadına da o sözlər yazılmaz, qadınlarla bu cür alçaqcasına davranılmaz, necə ki Bəxtiyar davranıb. Mən qadın müdafiəçisəyəm, bu, mənim kredomdur. Qadın müqəddəsdir. Kimsə qadını aşağılamamalıdır. Ona görə də bu məsələdə Bəxtiyarın müdafiəsindən əl çəkdim”. Bu sözləri “Şərq”ə açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu dedi. Xatirladaq ki, N.Cəfəroğlunun barəsində həbs-qəti imkan tədbiri seçilmiş ictimai fəal Bəxtiyar Hacıyevi müdafiə etməyəcəyi haqda bəyanatı qızğın mübahisələrə və müzakirələrə səbəb olub. N.Cəfəroğlunun KİV-ə verdiyi açıqlamada qadınlara qarşı qeyri-etik hərəkətlərinə görə B.Hacıyevi daha müdafiə etməyəcəyi, eləcə də Prezident İlham Əliyev barədə müsbət fikirlər səsləndirməsi bəzilərinin xoşuna gəlməyib və  ona qarşı ittihamlar səsləndirməyə başlayıblar. Lakin Novella Cəfəroğlunun ünvanına xoş sözlər yazanlar, onu dəstəkləyənlər xeyli çoxdur. Sosial şəbəkələrdə hazırda Novella Cəfəroğlu “küləyi” əsir. Demək olar ki, bütün ictimaiyyət N.Cəfəroğluna dəstək nümayiş etdirir. 

“Şərq!”ə açıqlamasında N.Cəfəroğlu bundan məmnunluğunu gizlətmədi: 

- Deməli, ömrümü hədər yaşamamışam. Fəaliyyətim hədərə getməyib. Bu gün buna bir daha əmin oldum. Elə adamlardan dəstək mesajları, xoş sözlər, əməyimə qiymət görürəm ki, o adamnlarla bəlkə həyatımda heç üz-üzə gəlməmişəm. Amma demək, fəaliyyətimi izləyiblər, gördüyümüz işlərdən xəbərdardırlar. Bilirsiniz ki, ailəm İsraildə yaşayır. Oğlum bir dəfə giley etdi, dedi ki, sən bizi Vətənə dəyişdin. Mən də dedim ki, buna dəyər! Mən millətimin yanında oldum, bu gün də  millətimin, xalqımın mənim yanımda olduğunu, məni sevgiylə əhatələdiyini görürəm. Bundan  böyük xoşbəxtlik nə ola bilər? Tənqid edənlər də, qoy etsinlər. 2-3 gündür reytinqim lap qalxıb. 1-ə 10 olub. Nə deyirlər, desinlər. Vecimə də deyil. Mənim üstünlüyüm həmişə bu oluyb ki, sözümü nə zaman lazım oldu, demişəm. Heç kimdən çəkinməmişəm. Həqiqəti dediyim üçün mənimlə hesablaşıblar, razılaşıblar. Bəxtiyar Hacıyevlə bağlı da ilk gündən deyirdim ki,  onu buraxın getsin. Buraxacaqdılar da. Amma bu videolar, yazışmaların üzə çıxması onun əslində neəc bir insan olduğunu və necə çirkin işlərlə məşğul olduğunu üzə çıxardı. Bundan sonra mən onu müdafiə edə bilmərəm. 
N.Cəfəroğlu Prezident İlham Əliyevlə bağlı bildirdiyi fikri bir daha təsdiqlədi: 
- Bəli, demişəm ki, Prezidentin Almaniyada Azərbaycan dilində danışmasına “bayıldım”. Çox xoşuma gəldi, onu alqışlayıram. İlham Əliyevin xarici siyasətini bəyənirəm, dəstəkləyirəm. Prezident Azərbaycanı xarici təsirlərdən, xarici hücumlardan qoruyur. Bizim Türkiyədən savayı dostumuz yoxdur, 4 bir yanımız bizi sevməyən qüvvələrdir. Belə vəziyyətdə dövlətimizin  yanında olmalıyıq. Dialoq da mütləq lazımdır. Bir addım müxalifət atırsa, bir addım da iqtidar atmalıdır. Bunun nəyi pisdir? Şükür Allaha, kimsənin yanında gözükölgəli deyiləm. İqtidardan nə ev almışam, nə maşın. Köhnə ofisimiz var, tökülüb-gedir. Bu şəraitdə çalışırıq, işləməyə davam edirik.