Azərbaycana yaşı 10 ildən çox olan minik avtomobillərinin gətirilməsi dayandırılır. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.
Sözügedən qərar sosial şəbəkə istifadəçilərinin müzakirə predmetinə çevrilib.
"Sherg.az" xəbər verir ki, jurnalist Vüsal Məmmədov qərarın düzgün olduğunu söyləyir:
"Söhbət təkcə ekologiyadan da getmir, faktiki Azərbaycan inkişaf etmiş ölkələrin maşın zibilxanasına çevrilirdi. Qarşısının alınması yaxşıdır. Amma digər tərəfdən, yaşı 10 ildən az olan maşınlar da bahalıdır və çoxlarının cibinə görə deyil. Kredit şərtləri isə “dişləyir”. Optimal çıxış yolu avtomobil kreditləşməsi sahəsində də məntiqli bir vəziyyətin yaradılması olardı. Məsələnin üzərində işləmək lazımdır".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə onun fikri ilə razılaşmayıb. S.Məmmədovun qənaətincə, təzə avtomobillər idxal rüsumunun yüksək olması səbəbindən satılmır. Ona görə belə yola əl atılır:
"Azərbaycanda 2000-ci ilin əvvəllərində avtomobil gətirməyə heç bir məhdudiyyət yox idi. İstəsən 50 ilin avtomobilini gətir. Amma o zaman Cənub Qafqazın ən yeni avtomobil parkı Azərbaycanda idi. Sonradan daxili istehsal olmadan idxal rüsumları dəfələrlə artırıldı. O zaman ölkəyə "xlam" axını başladı. İndi Azərbaycan Cənub Qafqazın avtomobil zibilxanasıdır. Nə var 10-15 milyon vergi toplayırlar. Digər tərəfdən ətraf mühitə, yol infrastrukturuna ən azı 10 dəfə çox ziyan dəyir. Hibrid avtomobillərin atılan akkumulyatoronun ətraf mühitə vurduğu ziyan 50 ilin dizel avtomobilinin ziyanından 100 dəfə çoxdur. Bu avtomobil satanların lobbi fəaliyyətinin nəticəsində qəbul olunan qərardı. Arada itirən bir qrup kasıb təbəqə olacaq".