“Bu gün Azərbaycana dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsinə ehtiyac var”.
Bunu Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sahədə ən vacib məsələ inhisarçılığa son qoyulmasıdır.
Məsələyə münasibət bildirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Sherg.az” bildirib ki, Milli Məclisin sonuncu Plenar iclasında idxalın asanlaşdırılması və qiymət siyahısının təkmilləşdirilməsi ilə bağlı da təkliflərimizi irəli sürdük:
"Xüsusən də dərman idxalındakı proses çox vacibdir. Bu istiqamətdə dərman idxalında tətbiq edilən vergilərin, o cümlədən əlavə dəyər vergisinin dərəcəsinə də baxılması məqsədəuyğun olardı. Ümumiyyətlə əksər ölkədə dərman idxalı və satışında aşağı faizli əlavə dəyər vergisi tətbiq olunur.
Bu baxımdan oxşar praktikanın Azərbaycanda da tətbiqi lazımdır. Digər tərəfdən isə Tarif Şurasının qiymət siyasətini təkmilləşdirməsinə ehtiyac var. Çünki mövcud qiymət siyasəti, sahibkarlara idxal mənbələrini şaxələndirməyə imkan vermir.
Ona görə də qiymət siyasətinin təkmilləşdirilməsinə və sahibkarlara bu istiqamətdə daha geniş imkanların yaradılmasına ehtiyac var. Bu bazarın daha da liberallaşmasına və qiymətlərin optimallaşdırılmasına gətirib çıxara bilər".