Hərb Tarixi Muzeyinin eksponatları balacaların böyük marağına səbəb olub


Son illər ölkəmizdə övladlarımızın vətənpərvərlik və milli-mənəvi dəyərlərə sevgi, hörmət ruhunda böyüməsi istiqamətində böyük işlərin görüldüyü danılmaz faktdır. Tarixi yerlərimizə, muzeylərə ekskursiyaların təşkili də məktəblilərin və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Bu günlərdə Türk Dünyası Bakı Atatürk Liseyinin məktəbəqədər hazırlıq qruplarının Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət etməsi belə tədbirlərdəndir.

AZƏRTAC xəbər verir ki, ümumilikdə əlli şagirdin iştirak etdiyi muzey gəzintisi balacaların böyük marağına səbəb olub.

Eksponatlara diqqətlə nəzər yetirən uşaqlara muzeyin əməkdaşı Nübar Novruzova bələdçilik edərək tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar haqqında geniş məlumat verib. Daş dövrü, Albaniya, Səfəvilər dövləti, qədim xanlıqlar dövrü, Azərbaycan Xalq Cümhuriyyəti, Sovet imperiyası dövrü, ölkəmizin müstəqillik dövrünü əhatə edən guşələr və digər tarixi faktlar məktəblilər tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi geyimləri, silahları olan zalla uşaqları tanış edib. Azərbaycan ziyalılarının məruz qaldığı 1939-1945-ci il repressiyalarına aid şəkil və faktlar əsasında uşaqlara geniş məlumat verilib.

1992-1993-cü il Qarabağ faciəsi tarixi eksponatlar, xəritələr əsasında uşaqlarla müzakirə edilib. Verilən sualları cavablandıran muzey rəisi bu faciənin intiqamının alınmasından danışaraq lisey şagirdlərini Vətən müharibəsi eksponatları ilə də yaxından tanış edib. Şəhidlərimizin döyüş zamanı istifadə etdikləri əşyalar, hərbi ləvazimatlar, üzərilərində tapılan əşyalar uşaqların diqqətini çəkib. Vətən müharibəsi zamanı hərbçilərimizin istifadə etdiyi hərbi taktikalar xəritələr üzərində hər bir lisey şagirdlərinə izah edilib.

Daha sonra muzeyin həyətində açıq səma altında nümayiş olunan 130-a yaxın hərbi texnika da ziyarətçiləri təəccübləndirib. İkinci Dünya savaşı, Birinci Qarabağ müharibəsi zamanı istifadə olunan zirehli texnikalar, hərbi təyyarələr, gəmilər uşaqlarda olduqca böyük maraq oyadıb.

Türk Dünyası Bakı Atatürk Liseyinin müdir müavini Nagihan Bağırova uşaqlara ayrılan diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəsmilərinə və Hərb Tarixi Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib: “Liseyin direktoru Eyləm Gültəkinin təşəbbüsü ilə uşaqları buraya gətirməkdə əsas məqsədimiz onların keçmişimizi, eyni zamanda da gələcəyimizi öyrənmələrinə dəstək olmaqdır. Sevindirici haldır ki, tarix boyu türklərlə azərbaycanlılar arasında din və dil qardaşlığı əsas rol oynamışdır. “Bir millət iki dövlət” olan bizlər hər zaman qarşılıqlı dəstək və qayğı görmüşük. Azərbaycan 2020-ci il sentyabrın 27-də tarixi torpaqları uğrunda mübarizəyə başladı. Haqq savaşında parlaq qələbə qazanan qardaşlarımızın Zəfəri Türk dünyasını olduqca qürurlandırdı. Azərbaycanın sevincini bizlərin sevinci bilərək Zəfərimizi qeyd etmək üçün meydanlara axışdıq. Belə addımlar birliyimizin, dostluğumuzun və ən əsası qardaşlığımızın əsl sübutudur. Liseyimizin şagirdləri ilə bərabər burada olan eksponatlarla tanışlıq bizlərə həm duyğusal, həm də qürurverici hisslər yaşadır. Biz əminik ki, uşaqların bu gün burada öyrəndikləri onların milli-mənəvi və vətənpərvər ruhda tərbiyə olunmasında əvəzsiz rol oynayacaq”.

Şagirdlərdən Kərim Həsənov, Mete Çelik, Mert Alp, İnci Kazımlı və Dəniz Quliyeva ekskursiya ilə bağlı fikirlərini bölüşərək bildiriblər ki, burada olan qədim əşyalarla, silahlarla, texnikalarla tanışlıq onları olduqca sevindirib. Açıq havada sərgilənən zirehli texnika ilə yaxından tanış olaraq unudulmaz anlar keçirdiklərini gizlətməyən balacalar burada görüb öyrəndikləri məlumatları liseydə təhsil alan digər şagird yoldaşlar ilə bölüşəcəklərini, bu faktların onların da böyük marağına səbəb olacağını bildiriblər.

Sonda Azərbaycan Hərb Tarixi Muzeyinin konfrans zalında vətənpərvərliklə bağlı nümayiş olunan kliplərin, səsləndirilən musiqilərin uşaqlar tərəfindən alqışlarla qarşılanması onlarda milli-mənəvi dəyərlərin və vətənpərvərlik duyğularının artıq kiçik yaşlarından formalaşdığını sübuta yetirən sevindirici faktlardan biridir.