ŞƏKİDƏ ŞƏHİDLƏR BULAĞININ AÇILIŞI OLUB - FOTO


Mayın5-də Şəki rayonun Aşağı Layısqı kəndindən olan I Qarabağ müharibəsi şəhidləri Məmmədov Fizuli Məşədi oğlu, İsayev İlham Nizami oğlu və II Qarabağ Vətən müharibəsi şəhidi, ölümündən sonra Prezidentin Sərəncamı ilə “Cəsur döyüşçü”, ”Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə’ medalları ilə təltif olunmuş İbrahimov Elsevər Etibar oğlunun xatirəsinə ucaldılmış Şəhidlər bulağının açılışı olmuşdur. Bulaq Aşağı Layısqı kənd sakinlərinin dəstəyi ilə tikilmişdir.

Açılış mərasimində Aşağı Layısqı və qonşu kəndlərin şəhid ailələri, qazilər, kənd sakinləri, ərazidə yerləşən məktəblərin müəllim və şagird kollektivləri, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının rəhbərliyi, SHXÇDX-nin Şəki şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak etmişlər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbir iştirakçıları çıxış edərək hər iki müharibə şəhidlərimizin adını əbədiləşdirən, onların şərəfinə bulaq tikdirən kənd ictimaiyyətinə öz təşəkkürlərini bildirmişlər. Tədbirdə çıxış edən Aşağı Göynük kənd tam orta məktəbin direktoru Günel Mustafayeva Göynük mahalının tarixdə öz qəhrəmanlıq və igidliyi ilə seçildiyini qeyd etmişdir. 

Birinci Qarabağ müharibəsində Aşağı Göynük inzibati ərazi dairəsinə daxil olan kəndlər 11 şəhid və itkin, II Qarabağ müharibəsində isə 2 şəhid vermişdir. 
Məmmədov Fizuli Məşədi oğlu, Nəsibov Teymur İsgəndər oğlu, Sadiqov Qabil İsmayıl oğlu, Məmmədov Rəfail Əhməd oğlu, Abduləzizov Vüqar Mikayıl oğlu, Məmmədhüseynov Fizuli Veysəl oğlu, Əhmədov İlham Əfəndi oğlu, Zəkəryəyev Pənah Mövlüd oğlu, Mustafayev Rasim Rəmzi oğlu, İsayev İlham Nizami oğlu, Əbdürəhimov Faiq Məmmədəli oğlu I Qarabağ müharibəsinin şəhidləri və eyni məktəbin məzunlarıdır. 

Tədbirdə İkinci Qarabağ müharibəsi şəhidlərindən Saleh Məmmədovun, Elsevər İbrahimovun əsl vətəndaş olduqları, Vətən üçün yalnız yaşamaq deyil, hətta canından keçmək lazım olduğunu sübuta yetirdikləri, Vətən qarşısında vəzifələrini layiqincə yerinə yetirdikləri vurgulanmışdır. Bu gün əziz xatirəsini əbədiləşdirilən oğullar hər iki müharibənin qəhrəmanlarıdır. Onların xatirəsinin əbədiləşdirildiyi üçün kənd sakinləri qürür duyduqlarını, nə qədər ki, müstəqil dövlətimiz, Ali Baş Komandanımız var, şəhidlərimizin unudulmayacağını qeyd etmişlər.

Çıxış edənlərdən Köndələn kənd tam orta məktəbin direktoru Aytən Yusifova şagirdlərimizə həmişə onların qəhrəmanlıqları haqqında bəhs etməyin vacibliyindən, Aşağı Göynük kənd xəstəxanasının baş həkimi Sayalı Rəsulova özünün də şəhid xalası olduğunu, onların acıların yaxşı başa düşdüyünü, şəhidlərə hörmət və ehtiramını ifadə edərək öz igidlərinə dəyər verən kənd camaatına təşəkkürünü bildirmişdir. 

Aşağı Göynük məktəbinin hərbi hazırlıq rəhbəri Kamil Abdurahmanov çıxış edərək qəhrəman oğullarımızdan, onların şücaətindən bəhs etmiş, onlarla bağlı xatirələrini bölüşmüşdür. Tədbirdə şagirdlərin çıxışları da dinlənilmişdir.
Daha sonra  şəhid Elsevər İbrahmovun anası Tükəzban İdrisova çıxış edərək göstərilən diqqət və qayğıya görə hər kəsə öz minnətdarlığını bildirmişdir.    
     
Günel Mustafayeva,  Aytən Yusifova