Balkan regionu dövlətlərinin yüksək səviyyəli rəsmiləri Ukraynaya dəstəyi yeniləyiblər.
AZƏRTAC xəbər verir ki, Dubrovnikdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı ilə Balkan və Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçirilib.
Ukraynaya dəstək sammitində Serbiya Prezidenti Aleksandar Vuçiç, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Kristo, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski, Monteneqro Prezidenti Yakov Milatoviç, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Sloveniya Prezidenti Nataşa Pirts Musar və başqaları iştirak ediblər.
Sammitdə Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunub, sülh formulasını həyata keçirmək üçün beynəlxalq səylər, Kiyevin Avropaya inteqrasiyası və NATO-ya üzvlüyü, təhlükəsizlik çağırışları, həmçinin Avropa İttifaqı və NATO yolunda əməkdaşlıq məsələləri müzakirə edilib. Ukraynanın enerji təhlükəsizliyinin təmin olunması, enerji sistemlərinin yenidən qurulması və bərpası üçün atılacaq addımlar nəzərdən keçirilib. Region ölkələrinin Ukraynanı və xalqını azadlıq uğrunda mübarizədə dəstəklədiyi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəlki sammitlər Afina və Tiranada keçirilib.