“Ulu Öndər Heydər Əliyev irsi mənəvi sərvətimizdir” adlı TƏDBİR:Kərpic-kərpic qurulan Azərbaycan... - FOTO

Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ulu Öndər Heydər Əliyev irsi mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib. 


Tədbirə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov,  Yeni Azərbaycan Partiyasının Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və başqaları qatılıblar. 

Əvvəlcə qonaqlar foyedə rəsm sərgisi ilə tanış olublar. 
 Daha sonra adıçəkilən qonaqlar çıxış edərək, şagirdlərə Heydər Əliyev irsi barədə dolğun məlumat veriblər. 

E.Salahov Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. İstər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edərək ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edərək, Ulu öndərin şah əsəri müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.

 F. Qurbanov Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğunu bildirib.
Nazir müavini gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, istedadlı şəxslərin üzə çıxarılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində ümummilli lider tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Nazir müavini əsası ulu öndər tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində vətənpərvər ruhda yetişən gənc nəslin 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm qələbədə mühüm rol oynadığını diqqətə çatdırıb. F.Qurbanov Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətlərinin xalqımızın tarixi yaddaşında daim yaşayacağını vurğulayıb.

N.Əhmədov diqqətə çatdırıb ki, Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırıb:
"Bütün ömrünü dövlətinin, xalqının rifahına, intibahına həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, Yeni Azərbaycan Partiyasını quraraq, millətinin gələcəyini təmin etmişdir. Ulu Öndər öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, Vətənə  sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanır”.


Daha sonra Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdlərinin hazırladıqları Ümummilli Liderin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Biz ev tikirik” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyada Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın kərpic-kərpic qurularaq müasir və güclü  dövlətə çevrilməsi mahnı, şeir və rəqslərlə vahid süjet halında təqdim olunub. 

Sonda gimnaziyanın direktoru Tural Mirzəliyev nitq söyləyərək, iştirakçılara minnətdarlıq ifadə edib.