Su qıtlığı qaçılmazdır

Vacib məsələ mümkün qədər çox və irihəcmli su anbarlarının tikilməsinə nail olmaqdır
 
“Bol sulu mövsümlərdə su həcmlərini anbarlarda saxlamalıyıq ki, tələbatın maksimum vaxtlarında məişətdə və kənd təsərrüfatında istifadə edə bilək”
 
 “Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Biz suyun qiymətini saxlaya bilməyəcəyik". Bu sözləri  deputat Rüfət Quliyev deyib. Onun sözlərinə görə, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görürük: "100 faiz orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil şəlalədir. Bir-iki aydan su qıtlığını hiss edəcəyik".

Qeyd edək ki, havalar istiləndikcə suya olan tələbat artır, suyun verilməsində fasilələr yaranır. Problemlər həlledilməz səviyyəyə çatdıqda içməli suyun satış qiymətində yüksəlmələr qaçılmaz olur. Buna görə də suyun fasilələrlə verilmə prosesi artır və qiymət artımı məsələsi gündəmə gəlir.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə hesab edir ki, içməli suyun qiymətinin qalxması ilə iş bitmir. Azərbaycanın su təsərrüfatının və bu sistemdə idarəetmə prinsiplərində dəyişikliyin olmayacağı təqdirdə yenidən su problemi qaçılmaz olacaq: “Su çatışmazlığının əsas səbəbi şirin suyun qeyri-bərabər paylanılması, qlobal istiləşmə, bu səbəbdən buxarlanma səviyyəsinin yuxarı olması, su mənbələrinin çirklənməsi, su ehtiyatlarının zəif saxlanılması və s. hallardır ki, bunlara qarşı mübarizə daha genişmiqyaslı olmalıdır.
  Kənd təssərrüfatında itkilərə ciddi fikir verilməlidir, nəinki vətəndaşı su kranını daha tez bağlamağa təşviq etməyə. Çünki min vətəndaşın su kranını gec bağlaması bir sahibkarın suyu boşuna axıtmasından daha az zərərlidir. Reallıq budur ki, suvarma sistemlərindən istifadə edərkən hopma, kənarlara daşma kimi israf halları daha çox baş verir. Digər vacib məsələ isə mümkün qədər çox və irihəcmli su anbarlarının tikilməsinə nail olmaqdır. Bu su anbarları suya tələbatın pik həddə çatdığı vaxtlarda istifadə edilə biləcək yeganə ümid yerimizdir. İl boyu, soyuq havalarda bol sulu çaylarımız Xəzərə axır və şirin su statusunu itirir. Bol sulu mövsümlərdə su həcmlərini anbarlarda saxlamalıyıq ki, tələbatın maksimum vaxtlarında məişətdə və kənd təsərrüfatında istifadə edə bilək”.
  Bakı və Bakıətrafı ərazilərdə içməli su qıtlığı olmayacaq”. Bunu isə "Trend"in sorğusuna cavab olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, içməli su qıtlığının yaranmaması üçün "Azərsu" ASC kifayət qədər tədbirlər görüb: "Yay aylarında əhalinin dayanıqlı su təminatının aparılması üçün planlar hazırlanıb. Xətt siyirtmələrin, nasos stansiyalarının saz vəziyyətdə olması, onların idarə edilməsi, rejimlərin tənzimlənməsini həyata keçirməklə çalışacağıq ki, bütün abonentlərimizi dayanıqlı içməli su ilə təmin edək. Yəni əvvəlki illərin yay aylarında təminat necə olubsa, bu il də Bakı və Bakıətrafı ərazilər eyni qayda ilə içməli su ilə təmin ediləcək".
  A.Cəbrayıllı bildirib ki, əhalinin içməli su ilə təmin edilməsi üçün Kür çayı və Ceyranbatan su anbarında kifayət qədər su ehtiyatı var: "Düzdür, su ehtiyatları əvvəlki illərdəki kimi deyil, amma əhalinin içməli su təminatına bəs edəcək səviyyədədir".