Korotçenko: “Xəzər regionu hazırkı şəraitdə mühüm əhəmiyyət qazanır”

“Xəzər regionu nəqliyyat logistikası, Rusiyadan ixrac və idxalın təmin edilməsi baxımından hazırkı şəraitdə həlledici əhəmiyyət qazanır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Xəzər 2023: Dayanıqlı inkişaf yolları” III Beynəlxalq Elmi Forumu çərçivəsində “Xəzər regionunun davamlı inkişafı üçün yeni imkanlar və prioritetlər” mövzusunda plenar iclasda deyib.

“Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiya iqtisadiyyatının davamlı inkişafının əsasını təşkil edir”, - o bildirib.

Tədbirin moderatoru Yevgeni Sjenov qeyd edib ki, Xəzər regionu siyasətin aktuallığı baxımından bu gün planetin mərkəzlərindən biridir. "Müzakirələrimizin aktuallaşmasına Rusiya Prezidentinin keçirdiyi böyük görüşlər mütəmadi olaraq təkan verir. Bu yaxınlarda Moskvada, ondan əvvəl isə Bişkekdə keçirilən forumda “Şimal-Cənub” nəqliyyat dəhlizinin aktuallığı və digər logistik məsələlərlə bağlı söhbət olub. Bütün bunlar, şübhəsiz ki, təkcə texnologiyalara, infrastruktura deyil, təbii ki, təhsilə, elm sahəsində əməkdaşlığın inkişafına da aiddir. Gənclər siyasəti sahəsində əməkdaşlığı ayrıca qeyd etmək istərdim”, - o nəzərə çatdırıb.

Yevgeni Sjenov bu yaxınlarda Rusiya-Azərbaycan forumunun keçirildiyini, Həştərxan Universitetinin isə Azərbaycanın ali məktəbləri ilə fəal əməkdaşlıq etdiyini əlavə edib.

"Biz sərhəd bölgəsində, bütün istiqamətlərin bir-biri ilə çox fəal qarşılıqlı əlaqədə olduğu regionda yerləşirik. Xəzər regionu bir neçə dost ölkə arasında əməkdaşlıq üçün haba çevrilib. Xəzər Forumunda müzakirə olunan məsələlərin sonradan federal və regional icra hakimiyyəti orqanlarının fəaliyyətində nəzərə alınmasından çox məmnun oluram”, - o əlavə edib.