“Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və təhsilimiz” adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Laçın rayon ziyalıları və Laçın şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan təhsilinə, elm və təhsil adamlarına xüsusi diqqət və qayğısından, dünyəvi təhsilə inteqrasiyaya hesablanmış köklü islahatlardan danışıb.

Qeyd olunub ki, müstəqilliyin bərpasından sonra elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edib, ulu öndərin həyata keçirdiyi hər bir islahatın əsasında isə məhz milli təəssübkeşlik, milli-mənəvi dəyərlərə ehtiram dayanıb. Natiq Azərbaycan gənclərinin vətəninə layiqli övlad, dövlətinə və xalqına bağlı vətəndaş, milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi yetişdirilməsi missiyasının müəllimlərin üzərinə düşdüyünü vurğulamaqla ana dilinə sevginin aşılanmasında təhsil ocaqlarının rolunu xüsusi qeyd edib.