Tarixçi-professor İlbər Ortaylı bildirib ki, Türkiyədəki gənclərdən daha çox azərbaycanlı gənclərə ümid bəsləyir:
“Rəhmətlik anam “Türklərin yəhudisi azərbaycanlılardır” deyirdi. Türk dünyasını bir ailə kimi düşünsək, Anadolu türklərin hərbçiləridir, tatarlar və azərbaycanlılar alim sənətçilərdir, geri qalan türk xalqları da kənd təsərrüfatı ilə məşğul olur. Azərbaycanın elm, mədəniyyət, fəlsəfə, incəsənət tarixi Türkiyə ilə müqayisədə həmişə daha zəngin olub”.
İlbər Ortaylının çox böyük düşüncə adamı olduğunu deyən tanınmış şair Rüstəm Behrudi "Sherg.az"a bildirib ki, onun bəzi fikirləri ilə razılaşmır:
"Məsələn, onun türklərin Azərbaycana gəlişi ilə bağlı açıqlamaları düzgün deyil. Türklər Azərbaycanın yerli xalqıdır. Digər tərəfdən iki cür mədəniyyət var. Bunlardan biri "Altay", digəri isə "Kür-Araz" mədəniyyətidir. Bəziləri "Altay", bəziləri isə "Kür-Araz" mədəniyyətini əsas götürərək yerli xalq olduğumuzu deyir. Mən hər ikisi ilə razılaşıram. Həmçinin, Türkologiyada "böyük çöl" deyilən bir anlayış var. Yəni Altaydan başlayaraq, Şərqi Macarıstana qədər köç olub".
Rüstəm Behrudi əlavə edib ki, İlbər Ortaylının azərbaycanlıların gəlmə olduğu fikri mübahisəlidir:
"Mən də həmişə demişəm ki, Azərbaycan türklərin mədəniyyət mərkəzidir. Avropada böyük bir festival keçirilmişdi və orada qızıl medal aldım. Axşam türklərin böyük bir şairi məni təbrik etmək üçün gəlmişdi. Orada Azərbaycanın mədəniyyət və poeziya cəhətdən daha çox inkişaf etdiyini dedim. O da məndən incidi. Bax, İlbər Ortaylı da mənim 20 il əvvəl dediklərimi təkrarlayıb".