“65 yaşı olanlar nazir işləyirsə, müəllim niyə işləməsin?” - Sahib Məmmədov


“Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan vətəndaşlar üçün yaş senzi 65 yaş həddində müəyyən edilib. 65 yaşına çatmış şəxslərin dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Ancaq mütəxəssilər hesab edir ki, peşəkar mütəxəssislərin yaş senzi səbəbilə işdən uzaqlaşdırılması yolverilməzdir.

 Xüsusilə 65 yaşı keçən müəllim və həkimlərin təqaüdə göndərilməsi doğru deyil. Fikrimcə, bir sıra əmək sahələrində, məsələn. Silahlı Qüvvələr, Daxili İşlər Nazirliyi kimi fiziki güc tələb edən sahələrdə yaş senzinin olması məntiqlidir. Ancaq müəllim və həkimlər üçün əmək fəaliyyətinə yaş senzinin qoyulması məntiqsizdir”.
Bu fikirləri Bakupost.az -a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
O bildirib ki, insanları yaşına görə deyil, əqli və fiziki potensialına görə qiymətləndirmək olar. Tibbi komissiyanın rəyinə əsasən vəziyyəti müəyyənləşdirmək mümkündür:
“Millət vəkili, yaxud nazir olmaq üçün yaş məhdudiyyəti yoxdur. Seçkili orqanlarda çalışanlara, bəzi məmur kateqoriyaları üzrə işləyənlərə də yaş məhdudiyyəti tətbiq edilmir. Bu gün 65 yaşını keçmiş insan nazir, yaxud məmur vəzifəsi tuta bilirsə, niyə müəllim işləyə bilməsin? Ortada ziddiyyət var. Ona görə də yaş senzinin aradan qaldırılması məsələsinə yenidən baxılmalıdır. Mən əvvəldən, xüsusilə həkim və müəllimlər üçün bu qərarın doğru olmadığını demişəm”.
S.Məmmədovun sözlərinə görə, əmək bazarına daxil olanların çox, çıxanların isə az olması səbəbindən 65 yaş senzinin qoyulduğunu bəhanə edirlər. Bildirirlər ki, nəticədə işsizlik yaranır. Əslində bu yolla potensial əmək qabiliyyətli insanları bazardan çıxarırlar ki, yerinə gənclər gəlsin:
“Mən bunu doğru siyasət hesab etmirəm. Elə şəxslər var ki, 65-70 yaşında daha çox fayda verə bilər. Ona görə də ayrıca siyasət olmalıdır. Məhsuldar əmək qüvvələri əsasən Bakı, Abşeron və Sumqayıtda cəmləşib. İşğaldan azad olunan ərazilərdə məskunlaşma vəziyyətin aradan qalxmasına kömək edəcək. Problemi belə həll etmək lazımdır, yoxsa yaş senzi qoymaqla vakant yer artırmağı düzgün qiymətləndirmirəm".