Zemfira Meftahətdinova: "Mənim üçün möhtəşəm bayram oldu"

"Mənim üçün möhtəşəm bayram oldu".

"Report" xəbər verir ki, bunu 60 illik yubileyini qeyd edən Müstəqil Azərbaycanın ilk olimpiya çempionu Zemfira Meftahətdinova yubiley tədbiri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib: "Göstərilən diqqət və qayğı idmançılar üçün çox önəmlidir. Azərbaycanda idman inkişaf edir və bunu sevirlər. Belə gün təşkil etdikləri üçün Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. Çox xoş sözlər deyilib. Azərbaycan Atıcılıq Federasiyasına və Daxili İşlər Nazirliyinin rəhbərinə minnətdaram. Məncə, çox şərəfli yol keçmişəm. Çünki dövlət tərəfindən mükafatlar almışam və dostlarım mənə xoş sözlər dedilər. Çox xoşbəxtəm".

Meftahətdinova Azərbaycan Atıcılıq Federasiyasında və Milli Olimpiya Komitəsində fəaliyyətini davam etdirəcəyini söyləyib "Mən həmişə idmandayam. Həyatımı buna qurban verirəm. Bütün idmançılara uğurlar arzulayıram. Növbəti Yay Olimpiya Oyunlarında onların uğurlu çıxış etməsini və xalqımızı sevindirməsini istəyirəm. Belə olacağına da inanıram".

O, bugünkü tədbirdə hər təbrikin onun üçün çox xoş olduğunu vurğulayıb: "Çünki burada mənim dostlarım yığışıblar. Hamısı da ürək sözlərini dedilər. Bunların hamısı mənim üçün önəmlidir".