Vaqon "evi" yuvaya çevirən internat "məzunu"  - İtirilmiş uşaqlıq..

"Qaldığım "evi" görəndə göz yaşlarını saxlaya bilmədi.."

"Bir il küçələrdə qalmalı oldum, küçələr "evim və işim" idi..."

Ən qayğısız günlərimiz uşaqlıq dövrünü əhatə edir. Dərdsiz, su kimi saf, inciyə bənzər şəffaf uşaqlıq illərini kövrək hisslərlə xatırlayırıq əksəriyyətimiz. Ancaq elə insanlar var ki, uşaqlıq dönəmi onların həyatının ən ağrılı mərhələsinə, xatırlamaq istəmədikləri kədərli zaman diliminə təsadüf edir. 

Söhbət talelərinə ata-anasız, internat evində böyümək yazılan məsum azyaşlılardan gedir. Uşaq evlərində müvəqqəti məskunlaşan balacaları bəzən görməzdən gəlir, onların necə "yaşadıqlarının” fərqinə varmırıq. Halbuki, "yetimxana"larda da həyat var, özü də məsum həyat.. Onlar da bir ailədir, sakinləri 50-60 nəfərdən ibarət ailə.. Kənardan baxanda hər şey qənaətbəxş görünsə də, nə yazıq ki, kimsəsiz uşaqların heç vaxt tamamlanmayan bir tərəfi olur. Körpə yaşlarından həyatın sərt şilləsinə tuş gələn və bu zərbənin "izini" ömür boyu hiss edən balaca ürəklərin natamamlıqları valideyn nəvazişindən məhrum olmalarıdır. 

Onlar ömrün ən gözəl çağlarını yaşamadan böyüyürlər. Sadəcə valideyn himayəsindən yox, sevgi dolu ailə ocağından, ana nəvazişindən, ata qayğısından da bixəbər qalırlar. Sözün kəsəsi, heç kimin arzulamadığı yaşam tərzidir kiçik yaşda valideynsiz qalmaq. Kimsəsiz uşaqların özgüvəni az olduğuna görə, əksər hallarda həyatda mövqe tutmaları çətinləşir, uğursuzluğa düçar olurlar. Özlərini cəmiyyətdən təcrid olunmuş hiss edirlər. O səbəbdən Uşaq Hüquqları Konvensiyasına görə, internatlara uşaqların yerləşdirilməsinə yalnız ən son halda, bütün imkanlar tükənəndən sonra yol verilir. Təəssüf ki, bir çox hallarda ailə himayəsindən məhrum qalan uşaqların internata yerləşdirilməsinə son yox, ilk imkan kimi baxılır.

Ən böyük problem isə 18 yaşdan sonra internatlardan yeniyetmələrin məcburən uzaqlaşdırılmaları və sonrakı naməlum taleləridir. Müvəqqəti sığınacaqlarını, doğma bildikləri "çoxuşaqlı evi" tərk etməyə məcbur qalan yeniyetmələr bu azmış kimi qəfil acımasız həyatın ağuşuna düşür, məişət problemləri, maddi çətinliklərlə üzləşirlər. Yaşamağa evləri, döyməyə qapıları, dolanışıqlarını təmin etmək üçün iş yerləri olmur. Bir vaqon dərdin üstünə cəmiyyətin biganəliyi də əlavə olunur. 

Uşaq evindən ayrılan yeniyetmələrin hamısı həyatın burulğanında itib-batmır. Əzmi, qətiyyəti, iradəsi, əməyi sayəsində özünə yer-yurd, iş-güc tapanlar, bir müddət sonra uğur qazananlar da kifayət qədərdir. Mərhəmətsiz həyatla mübarizədə təkbaşına qalsa da, əzmkarlığı sayəsində özünü təsdiqləyənlərdən biri çoxlarına nümunə olacaq gözəl insan  - Əli Əlizadədir. İllər öncə tanış olduğumuz və tam səmimi ortamda söhbətləşdiyimiz Əli valideynləri tərəfindən çox kiçik yaşlarında tərk edildiyini söyləmiş, 3-4 yaşlarında öz ata-anası tərəfindən tərəfindən uşaq evinə verilmişdi. Sonra dəcəlliyinə görə, onu Maştağa qəsəbəsində yerləşən ümumtəhsil internat məktəbinə göndərmişdilər. İnternat "məzunu” olan Əli çox məhrumiyyətlərlə üzləşdiyini demişdi: "İnternatı bitirdikdən sonra bir il küçələrdə qalmalı oldum. Nə qalmağa evim, nə də anam-atam vardı. "Hara gedim, necə edim?" sualları ilə başımı işlətməyə çalışırdım. Nəhayət, internat məktəbinin yanında sovet dövründən qalmış köhnə bir VAQON tapdım. Eləməyib tənbəllik, oranın içini, çölünü necə lazımdırsa, təmizlədim. İlk azad həyatım yay ayına təsadüf etdiyinə görə, o qədər çox şeyə ehtiyac duymurdum. Nə olur-olsun, qarnımı doydurmağı düşünürdüm..".

Yaşamını sürdürməyə çalışan kimsəsiz Əli fərqində idi ki, ac qalmamaq üçün mütləq hardasa işləyib pul qazanmalıdır. Ona görə də əlindən gələn hər işi görməyə çalışırdı. Dediyinə görə, hər gün dükanların zibillərini atır, bağ evlərinə gedib ot biçirmiş: "Bu minvalla özümü birtəhər dolandırırdım. Küçələr "evim və işim" idi, rahat idim. Başımın üstündə heç kim durmurdu, narahat etmirdi.. Nəysə, bir gün internatda dərs deyən müəlliməm çöldə gördü məni. Nə işlə məşğul olduğumu soruşdu. Söhbətləşdikdən sonra qaldığım yeri görmək istədi. Çox çalışdım ki, qaldığım "evi" ona göstərməyim, israrı qarşısında məcbur oldum. Qaldığım yeri görəndə göz yaşlarını saxlaya bilmədi..". 

Əli söyləyirdi ki, gördüyü mənzərədən kövrələn müəlliməsi "əşyalarını" götürüb onların evinə köçməsi üçün şagirdini dilə tuturdu: "Müəlliməm xasiyyətimə bələd idi, bilirdi ki, xoşluqla onlara gedəsi deyiləm. Ona görə də xeyli israr etdi. Uzun çək-çevirdən sonra razılaşdım və nə az, nə çox, düz 7 il onların evində qonaq qaldım. Ailə nədir, böyüklərin nəvazişi, qayğısı necə olur, orada öyrəndim. Allah mənə xeyirli qapı açmışdı..". 

Əli öz bacarığı ilə sonrakı illərdə təhsil sahəsində və digər işlərdə çalışaraq öz həyatını davam etdirdi.. Əzmi və əlbəttə ki, şansı sayəsində həyata tutunmağı bacardı, peşə sahibi, foto-jurnalist oldu. Bəs şans üzünə gülməyənlərin taleyi, sonrakı aqibəti necə olur görəsən?! Həyatın acımasız küləyinin kimsəsiz uşaqları, bir tərəfi yarım qalmış yeniyetmələri hansı təhlükələrə sürüklədiyindən xəbərdar oluruqmu? Onların da əlindən tutan müəllimlər tapılırmı? Suallar çox, cavablar isə yox.. 

Şübhəsiz, dövlət üzərinə düşəni edir, lakin cəmiyyət olaraq biz də vətəndaş məsuliyyətimizi dərk etməli, vicdanımızın səsindən, kimsəsizlərin kimsəsi olmaqdan qaçmamalıyıq...