"Yerli və xarici ekspertlərlə birlikdə ictimai nəqliyyatın idarəedilməsiylə bağlı geniş proqram hazırlanır".
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqinin təqdimatı mərasimində çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, proqram mikromobilliyi özündə ehtiva edən geniş proqramdır.
Yeni avtobus xətləri açılmayana qədər mobillikdən danışmağın tez olduğunu deyən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, bu gün marşrutlar arasındakı qrafiklər 5-7 dəqiqə təşkil edirsə, mobillikdən söz gedə bilməz:
"Çünki hazırlanan proqramlar yarımçıqdır. Həmçinin avtobus zolaqlarının və marşrut xətlərinin yekunlaşmaması kimi problemlər də mövcuddur. Düzdür Nəqliyyatın İdarə Edilməsi Mərkəzi dövlət qurumu kimi kameralar və dayanma-durma işarələri ilə nəzarət edir. Ancaq onların marşrut xətlərinin tənzimlənməsinə böyük faydası yoxdur. Yəni bu, sərnişindaşımada effektiv nəticə vermədi. Əsas səbəbi isə proseslərin sonlanmamasıdır. Əgər proseslər sonlanarsa, yaxşı nəticələr əldə edilə bilər".