Onlar bəzən qonşumuz, etibarlı dostlarımız, dayə, müəllim, həkim və hətta ailə üzvləri də ola bilər
Son illər uşaqlara qarşı zorakılıq halları artmaqdadır. Valideynlərin, ümumiyyətlə, cəmiyyətin narahatlığı anlaşılandır. Evindən körpə səsi gələn hər kəs övladını qorumağa çalışır. Belə hadisələrə qarşı mübarizə aparılır, “bu son olsun” deyirlər, amma elə olmur...
Bir çox cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da pedofiliya - uşaq istismarı tabudur. “Bakıda pedofilin uşağı iddia edilir". Bu xəbər iyunun 19-da mediada tirajlanmışdı. Şikayətçi də Binəqədi rayonu Rəsulzadə qəsəbəsi sakinidi idi. O, bildirib ki, pedofil onun qızını qorxudub. Kişinin dediyinə görə, naməlum şəxs qəsəbədəki evlərdən birinin həyətinə gələrək uşaqların oynamasını izləyib. Sonra uşağın qarşısını kəsərək cinsiyyət orqanını göstərməyə çalışıb.
Videoda 35-40 yaşlı kişinin velosiped sürən qızın arxasınca getdiyi, daha sonra qorxan uşağın cəld ondan qaçdığı əks olunub.
Pedofiliya 1968-ci ildən Amerika Psixiatriya Assosiasiyası tərəfindən digər parafiliyalarla (cinsi pozğunluqlar) psixi pozğunluqlar arasında təsnif edilib. Pedofilik pozğunluq, yetkinlik yaşına çatmamış uşaqları əhatə edən davamlı cinsi düşüncələr, fantaziyalar, çağırışlar və davranışlarla təzahür edən davamlı, diqqətli və intensiv cinsi oyanma modeli kimi xarakterizə olunur.
Bir çox insanlar pedofilləri; tənha yerlərdə gizlənən və küçələrdə uşaqları seyr edən eybəcər, qocalar kimi düşünür. Amma acı həqiqət budur ki; pedofillər bəzən qonşumuz, bəzən etibarlı dostlarımız, bəzən din xadimi, bəzən dayə, müəllim, həkim, siyasətçi, icma liderləri və hətta ailə üzvləri ola bilər. Daha çox kişilərdə müşahidə edilən uşaqbazlığa nadir hallarda qadınlarda da rast gəlmək mümkündür.
Psixoloq və psixoterapevt, tibb üzrə jurnalist Ramil Nəcəfli deyir ki, onları hansısa diaqnozla müəyyənləşdirmək çətin məsələdir. Pedofillərin davranışlarının qarşısını almaq mümkün deyil:
"Sadəcə seksual davranışlarını təkrarlamağın qarşısı alına bilər. İmpotent etmək, antidepresan dərmanlar verməklə onları müalicə etsələr də, çox vaxt effekt vermir. Tarix boyunca qadın pedofillər arasında araşdırma aparılmayıb. Həbsxanalarda pedofiliya səbəbindən saxlanılan kişilər üzərində iş gedib".
Yeri gəlmişkən, "cinsi istismarçı" ilə "pedofiliya" anlayışları çox qarışdırılır, lakin fərqli mənaları ifadə edirlər. Cinsi istismarçı pedofil olmaya bilər, eləcə də əksinə.
R. Nəcəflinin sözlərinə görə, cinsi istismarçı zorla, təcavüz xarakteri ilə qarşı tərəfin istəyi olmadan istismara məruz qoyur:
"Güc, şantaj, emosional təyziqlər yolu ilə cinsi istismar həyata keçirə bilir. Qurbanı da təkcə azyaşlılar deyil. Eynicinsli, yaşı böyük də ola bilər. Pedofilin şərtinə görə, onun qurbanı özündən ən azı 5-6 yaş kiçik olmalıdır. Bu demək olar ki, xəstəlikdir.
Pedofil 16 yaşdan yuxarı olur. Qurbanları isə yeniyetməlik yaşına çatmayan və ya yeniyetmə olan uşaqlar seçilir. Bəzən qurban kimi yeniyetməlik dövrünü keçən uşaqları da seçən pedofillər var. Söhbət təkcə 13 yaşdan aşağı uşaqlardan getmir. Pedofillərdə neyropsixatrik xəstəlik mövcuddur. Onun əlamətləri ilə pedofillərin əlamətləri üst-üstə düşür. Araşdırmalara əsasən, pedofillərdə adi adamlara nisbətən solaxay olması üstünlük təşkil edir. Normal adamlar arasında solaxaylıq təxminən 10 faizdirsə, pedofillər arasında daha çoxdur. Pedofillərin iki cür davranışı var: daimi və fürsətçi. Müəyyən duruma görə kimsə pedofil olaraq davranır, sonradan eyni hadisə təkrarlanmır. Amma kimliyi pedofil olan şəxslər isə məqsədli şəkildə addımlar atırlar. 2013-cü ildə pedofillər arasında araşdırma aparılıb. Onlardan soruşublar ki, “illər əvvəl başına zərbə dəyib?”. Çoxunun cavabları isə “hə” olub. Cəmiyyət arasında belə bir fikir var ki, pedofillər arsız, utanmaz, həyasız, tərbiyəsiz adamlardır. Lakin belə deyil. Onların mütləq əksəriyyəti özünəqapılan, depressiv və utancaq adamlardır".
Sosioloq Sənubər Heydərovanın qənaətincə isə pedofillər qurban kimi daha zəif insanı hədəfə alırlar. Yəni ailə bağları möhkəm olmayan, evdə zorakılıq görən uşaqları seçirlər:
"Belə hadisələrdə əksər vaxt qadın cinsinin nümayəndələri günahlandırılır. "Yəqin sən nəsə etmisən, düzgün geyinməmisən" və s. Qurban olan qızların valideynləri ilə münasibətləri yaxşı olmur, başlarına gələn olayı açıq ifadə etmirlər. Və yaxud təcavüzkar qohum olanda "camaatın yanında biyabır olmayaq", "ailə münasibətləri pozulmasın" deyərək polisə müraciət ünvanlamırlar. Bizə müraciət edənlər arasında polisə şikayət etməyən çoxsaylı qızların ailəsi var. Onlar deyirlər ki, məsələyə polis qarışsa, vəziyyət dəyişəcək. Hətta "bu qızla böyüyəndə kimsə ailə qurmayacaq" söyləyirlər. Nəticə etibarilə təcavüzkar cəzasız qalır".
"Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, ölkəmizdə psixoloji diaqnostika zəif aparılır. Bunun üçün ayrıca proqram tərtib edilməlidir:
"Uşaqlara meyl göstərən, təcavüzə yol verən və yaxud cəhd göstərən şəxslər barədə informasiya bankı olmalıdır. Xarici ölkələrdə, məsələn, Amerikada belə bir təcrübə var. Hansısa təcavüz, zorakılıq hadisəsi baş verirsə, həmin şəxsi çağırırlar, danışırlar, məlumat alırlar. Uşaqlarla ünsiyyətdə olan hərkəslə söhbət aparılmalıdır. Sığınacağımıza gələn uşaqlar arasında elə hal ilə üzləşənlər olub. Ümumiyyətlə, əksər vaxt təcavüzü kənar adam etmir. Çox vaxt uşağın ünsiyyət qurduğu, etibar etdiyi, evə gəlib-gedən adamlar belə hadisəyə cürət edirlər".
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova övladları pedofillərlə qarşılaşan valideynlərə tövsiyələr verib:
"Valideynin qorxmadan, çəkinmədən və uşağı danlamadan bu mövzunu onunla danışması, söhbət etməsi vacibdir. Əgər uşaq danışmaq istəmirsə, sıxılırsa və ya danışmaması üçün qorxudulubsa, o zaman valideyn qısa müddət də olsa ona zaman verməlidir. Valideyn uşağa güvən duyğusu aşılamalı və yalnız olmadığını hiss etdirməlidir. Uşaqların danışmamasının səbəbi bir çox hallarda zorakılıq edən şəxsin onu qorxutması və təhdid etməsi olur. Yəni bir çox hallarda uşaqlara, həmçinin yetkin insanlara da nəinki fiziki, həm də ağır dərəcədə psixoloji zərər yetirirlər.
Aparılan araşdırmalar onu göstərir ki, təcavüz və zorakılıq qurbanı olan insanlar, uşaqlar gələcəkdə parafiliyadan(cinsi meyl pozuntuları), sadomazoxizmdən(özünə və digər insanlara, yaxınlarına işgəncə verərək, əziyyət verərək seksual həzz almaq), sosial fobiya, nevroloji pozuntu,ünsiyyət problemi və sosial fobiyadan əziyyət çəkə bilirlər. Zorakılıq və təcavüz halı istər davamlı, istərsə də bir dəfə yaşansın. Hər iki halda insan psixologiyasında, xüsusən də uşaq psixikasında ciddi və gələcəkdə korreksiyası çətinləşən izlər qoyması mümkündür. Zamanında professional dəstək alınarsa, travma və qorxular korreksiya edilə bilər. Hətta psixoloqla paralel olaraq həkim müayinəsi başlanmalı və hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Psixoloq xüsusi metodla danışmaq istəməyən, ünsiyyətdən qaçan uşaqlarla terapiyalar sayəsində onların qorxularının səbəbini və hətta zorakılıq, təcavüz etmiş insanın kimliyini də ortaya çıxarmaq olar".
Narınc Rüstəmova pedofiliya pozğunluğunun diaqnostik meyarlarını da açıqlayıb:
"Ən azı 6 ay davam edən, yetkinlik yaşına çatmamış uşaqla cinsi əlaqə ilə bağlı təkrarlanan, intensiv, cinsi uyğunlaşmalı fantaziyalar, çağırışlar və ya davranışlar; uşaqlara qarşı oyanma böyüklərə qarşı oyanış qədər güclüdür. Hətta bir çox hallarda ondan daha güclüdür. Şəxs bu impulslardan təsirlənir və ya impulsları, fantaziyaları klinik cəhətdən əhəmiyyətli sayılacaq sıxıntı və şəxsiyyətlərarası problemlər yaradır”.
Xatırladım ki, Azərbaycanda bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına catmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib. Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən isə uşaq 14 yaşadək olduqda bu müddət 3 ildən 6 ilədək müəyyən edilib.
Qəribədir, artıq həyətdə çox uşağa rast gəlmək olmur. Qohum-qonşunun qapısını açması isə artıq tarixin arxivinə qovuşub. Valideynlər övladlarını bir an belə gözlərinin önündən ayırmır. Çünki ətraf korlanıb. Necə deyərlər, valideynlər uşaqlarının üstündə yarpaq kimi əsirlər.
26 yaşlı gənc valideyn Banu Ələkbərova (şərti ad) pedofillərlə bağlı fikrini belə izah edib:
"Əvvəllər valideynlərimiz bizə nələrisə qadağa edəndə, küçəyə çıxmağımızdan tutmuş yad adamlarla danışmamağa tapşıranda bəlkə də, qəribə gəlirdi. Fikirləşirdik ki, nə olacaq? Özün valideyn olandan sonra isə hər şeyi başa düşürsən. Həqiqətən də, övladını hamıdan, ola biləcək hər hadisədən qorumağa çalışırsan. Az qala hər gün xoşagəlməz xəbərlər oxuyuruq. "Azyaşlı qaçırıldı", yaxud da "pedofil şəxs uşağa yaxınlaşmağa çalışdı", "şəhərdə manyak peyda oldu" və sairə. Bir ana kimi düşünürəm ki, istər qız, istərsə də oğlan övladı olsun. Hər birini bu kimi hallardan qorumalıyıq.
Məsələn, özümdən misal gətirim. Qızımın 4 yaşı var. Heç cəmiyyət içində yad birinin, yaxud da yaxın qohumumun da hər dəqiqə uşağın üzündən öpməsinə icazə vermirəm. Artıq qoruma mexanizmi yaranıb, yaxın ailə üzvlərimdən başqa kimsə övladımı öpmək istəyəndə, nəsə sıxışdıranda dərhal müdaxilə edirəm. Sakit bir dillə qızımı qoruyuram. Qızım da buna öyrəşib, o da məndən atasından, nənə-babalarından başqa kimsə yaxınlaşanda əli ilə uzaqlaşdırır. Həmçinin o böyüdükcə onunla bu mövzuda söhbətlər aparacam. Uşaq hər şeyi bilməlidir ki, özünü ona uyğun qorusun. Böyüyəcək, məktəbə gedəcək. Mən hər dəqiqə onun yanında ola bilməyəcəm. Bütün bunları anlasa, özünü qoruya bilər. Yəni kimsə gəlib başını konfet, şokoladla aldada bilməz. Məncə, övladlarımızı həmin şəxslərdən qorumağın əsas yolu da elə budur. Onları məlumatlandırmalıyıq. Hətta öz qohumlarımızın içində belə bu cür adamlar ola bilər. Bu, danılmaz və acı reallıqdır".
Həyətə-bacaya çıxmasalar da, müasir dövrün tələblərinə uyğun olaraq uşaqlar internetdən istifadə edir. Uşağın ailəsi onun internetdən istifadə qaydasını və ziyarət etdiyi səhifələri izləməlidir. Uşaqlara internetdə yad adamlarla danışmamaq, yaşını, telefon nömrəsini, ünvan məlumatlarını verməmək, ən əsası internetdə tanış olduqları insanlarla görüşməmək təlimatlandırılmalı və nəzarət edilməlidir. Həmçinin onlara internetdə narahatedici məzmunla rastlaşdıqda nə etmələri və ailələrini məlumatlandırmağın vacibliyi izah edilməlidir. Uşaq müəyyən bir neqativ vəziyyətdə ailəsinin onu anlayaraq qoruyacağını hiss etməlidir. Unudulmamalıdır ki, müsbət mənlik dəyərliliyi, müsbət ailə mühiti sayəsində formalaşır.
Uşaq pedofiliyası kimi bir xəstəlik var. İstəsək də, istəməsək də, xəstə ruhlar aramızda yaşayır. Pedofilləri günahlandırmaq problemi həll etməyəcək. Biz ayıq-sayıq olmalıyıq. Bu uşaqlar Allahın bizə əmanətidir. Onların təhlükəsizliklərini qorumaq yalnız valideynin öhdəliyi deyil, bütün cəmiyyət məsuliyyətli davranmalıdır.
HAZIRLADI: Aygün TAHİR