"Azərbaycanda ətin qiymətinin baha olmasının səbəblərindən biri də israfçılıqdır".
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Rzayev deyib.
O qeyd edib ki, Azərbaycan özünü qoyun əti ilə 100 faiz, quş əti ilə 85 faiz, mal əti ilə 92 faiz səviyyəsində təmin edə bilir.
“Ancaq burada müəyyən amillər var. Onlardan biri mən deyərdim ki, israfçılıqla bağlıdır. Biz heyvandarlıq məhsullarından qənaətlə istifadə etmirik. Ət məhsullarından ən çox istifadə edən respublikalardan biri Azərbaycandır. Burada çox ciddi israfçılıq var. Xarici ölkələrdə heyvanlar müəyyən normalar, çəkilər əsasında yetişdirilir və ondan sonra kəsimə verilir. Ancaq bizdə insanlar istəyirlər 8-10 kiloluq quzu əti, az çəkidə olan dananın ətini yesinlər. Ona görə də körpə heyvanlar bazara çıxarılır və gündə minlərlə belə heyvan kəsilir.
Ancaq bu heyvanlar müəyyən qaydada yetişdirilsə, yəni xırda buynuzlu heyvan 20-25 kilo həcmində yetişdirilib bazara çıxarılsa sözsüz ki, burada üç qat artım olacaq”, - deyə T.Rzayev bildirib.
Azərbaycanın MDB ölkələri ilə müqayisədə ət istehlakına görə yalnız Tacikistandan irəlidə olduğunu deyən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "Sherg.az"a bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya görə adambaşı ət norması 78 kq-dır:
"Azərbaycan isə yarıdan az, yəni 35 kq istehsal edir. Digər tərəfdən ölkədə ət istehsalının az və qiymətinin baha olmasının səbəbi heyvanların quzu, buzov vaxtı kəsilməsi deyil. Bahalığın əsl səbəbi yem bazasının zəif olmasıdır. Həmçinin örüş sahələri də kifayət qədər deyil. Əgər örüş əraziləri kifayət qədər deyilsə, böyük həcmdə yem istehsal olunmalıdır ki, heyvanlar lazımi çəkini ala bilsin. Yalnız bundan sonra ölkədə ət bolluğu yarana və qiymət əhali üçün əlçatan ola bilər".