Ermənistanda 16 məktəbdə türk dili tədris olunur. Belə ki, 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsində), 4 məktəbdə isə Azərbaycan dili (Azərbaycan türkcəsində) tədris olunub.
Ermənistanın Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan və türk dilləri istisna olaraq 10-12-ci sinif şagirdlərinə öyrədilir.
Həmçinin 2022-2023-cü tədris ilində 33 ümumtəhsil müəssisəsində regional dillərin tədris olunduğu qeyd olunub: 13 məktəbdə fars, 12-sində türk dili, 4 məktəbdə Azərbaycan türkcəsi, 3-də isə gürcü dili.
Daha 400 məktəb regional (türk, Azərbaycan, gürcü və fars) dilləri tədris etmək istədiyini bildirib.
Ermənistanda türk və Azərbaycan dilinin tədrisinə normal yanaşdığını söyləyən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli "Sherg.az"a qeyd edib ki, bu bəlli bir dövlət siyasətidir və strategiyanın tərkib hissələrindəndir:
"Ümumiyyətlə zaman-zaman təkcə ali təhsil ocaqlarında yox, orta məktəblərdə də bu dillər tədris olunur. Baxın, təkcə türk və Azərbaycan dili yox, həmçinin rus, gürcü, fars dilləri də çoxsaylı məktəblərdə keçilir. Əlbəttə ki, ermənilərin azərbaycan dilini öyrənmələri bizə sevgidən irəli gəlmir. Bu xüsusi məqsədlə öyrədilir. Ona görə də Azərbaycandakı xüsusi məktəblərdə erməni dilinin öyrədilməsi məqsədəuyğun olardı.
Hazırda bizim bəzi ali məktəblərdə, həmçinin Bakı Dövlət Universitetində ermənişünaslıq mərkəzi fəaliyyət göstərir. Bu, çox normaldır. Çünki biz qonşuyuq. Ancaq qonşu olsaq da Ermənistanın günahı ucbatından bir çox mübahisəli məsələlərimiz var. Ona görə də erməni yalanlarının kökünü və yalanlaşdırılmış tarixinin mənbələrini öyrənmək üçün xüsusi mütəxəssislərimiz olmalıdır. Həmin mütəxəssislərin isə erməni dilini öyrənmələri vacibdir. Bu səbəblə də xüsusi məktəblərdə erməni dilinin tədris edilməsini önəmli hesab edirəm".