Ermənistan Qarabağı Azərbaycan kimi tanıyır  - Ekspert

Qarabağ separatçılarının düçar olduğu acınacaqlı durum ortaya çıxıb.

Bu barədə sosial şəbəkənin erməni seqmentində məlumat verilib. Bildirilib ki, separatçıların yanacaq ehtiyatları tükənib. Bu səbəblə iyulun 25-dən etibarən ictimai nəqliyyat fəaliyyətini tam şəkildə dayandıracaq.

Qarabağdakı ermənilərin şou düzəltməsinin ilk belə hal olmadığını deyən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, onlar beynəlxalq aləmin diqqətini özlərini xəyal dünyasında tərtib etdiyi “humanitar böhran” vəziyyətinə çəkmək istəyirlər:

“Qarabağda böhran yoxdur və Azərbaycanın addımlarının sadə bir açıqlaması var. Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində suverenliyini bərpa etmək istəyir. Bunu edərkən ortada hansı mənzərə çıxırsa, onun günahı Azərbaycanda deyil, vaxtı ilə mövcud olmuş işğalçılıqda, separatçılıqda axtarmaq lazımdır. Çünki Azərbaycan Qarabağ ermənilərinin hüququnu Konstitusiyadan irəli gələn prosesdurların içərisində görür və bu o deməkdir ki, həmin məsələ Azərbaycanın daxili işidir.  Bu, o mənaya gəlir ki, Azərbaycan mərhələlərdən birini də adlayıb. Yəni artıq Ermənistan Qarabağı Azərbaycan kimi tanıyır və 10 Noyabr Bəyanatının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilməsi ilə bağlı müddəası üzrə tənzimləyici xüsusiyyətini itirir”.   

Analitikin sözlərinə görə, separatçılarla Ermənistan Rusiyanın son zamanlar Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı dəxilsiz çağırışlarından ruhlana bilərlər, amma bunun artıq faydası yoxdur: 

“Birincisi, ona görə ki, Prezident İlham Əliyev dediklərini edən və oyunçuları həmin nəticələrə razı salan biridir. İkincisi, Azərbaycan bir neçə dəfə antiterror əməliyyatları keçirib, bunun özü artıq postmünaqişə dövründə güc tətbiqinə dair presedentdir. Belə olan halda, tanınmamış, marginal qrupdan ibarət ünsürlər əhəmiyyətini tamamilə itirir. Hesab edirəm ki, hazırda Rusiya sülhməramlılarının regiondan çıxarılması üçün Azərbaycan aktiv fəaliyyət aparmalı və Moskvanın Qarabağda hərbi iştirakı üçün Kremlə bəhanə yaradan bütün kanalları bloklamalıdır”.