Mediatorlara insanlar avtoritet gözü ilə baxmalıdır - Fərhad Mehdiyev

Dədə-babadan yaşlı insanlar, ağsaqqallar tərəfləri barışdırmaq missiyasını yerinə yetirib


  Azərbaycanda mediatorların yaş həddinin artırılması təklif edilir.
Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev deyib ki,  hazırda mediator olmaq üçün yaş həddi 25-dir: “Ancaq biz bunu 30 yaşa qaldırmağı təklif edirik. Həmçinin mediatorların hüquq təhsilinin olmasını da təklif edirik”.

Mediator Fərhad Mehdiyev də “Sherg.az”a açıqlamasında təsdiqləyib ki, mediasiya zamanı danışıqların aparılması, barışdırıcı missiyadan çıxış etmək dünyagörüşü və təcrübə tələb edir. "Dədə-babadan yaşlı insanlar, ağsaqqallar tərəfləri barışdırmaq missiyasını yerinə yetirib. İndi təsəvvür edin ki, bəlli bir yaşda olan insanlar  aralarındakı mübahisəni həll etməsi üçün mediatora müraciət edirlər və  gəlib görürlər ki, orada oturan şəxs bunlardan ən azı 10 yaş balacadır. Bu da prosesin inandırıcılığına kölgə salır. Mediatorluq edən şəxslərin  cəmiyyətdə  etibarı  olmalıdır ki, insanlar ona avtoritet gözü ilə baxsınlar. Bu mənada mediatorluq üçün yaş həddinin 30-dan yuxarı olmasını mən də vacib hesab edirəm”.
Mediatorların hüquq təhsilli olmasına gəldikdə isə F.Mehdiyev deyib ki, bu, ölkədən-ölkəyə dəyişən bir tələbdir. Avropa praktikasında mediatorların hüquqşünas olmasına ehtiyac duyulmur: “Amerikada isə mediatorların hamısı hüquqşünasdır. Amma bir vacib nüansı qeyd edib ki, mediatorların hüquq təhsilli olmasa  belə, mütləq hüquq sahəsindən məlumatı  olmalıdır.  Məsələn, ailə mübahisələrinin həlli üçün daha  çox psixoloqların iştirakı uğurlu olur.
  Amma kommersiya  çəkişmələrinin həlli zamanı mediator  mütləq  “Kommersiya hüququ”ndan xəbərdar olmalıdır.  Düzdür,  mediator  hakim rolunu oynamır, amma proses zamanı tərəflərin mediatordan hüquqi qiymətləndirmə istəməsi mümkündür”.