“2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcəklər”.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Qeyd olunub ki, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.
“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.
Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq”, - məlumatda deyilir.
Hədisəyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, onsuz da "Buta"nın bütün siyasətinə AZAL təsir göstərirdi:
"İndi isə formal olan ayrılığa da son qoyulur. Açığı birləşmənin əsl səbəblərini bilmirəm. Çünki rəsmi açıqlamada bununla bağlı heç bir məlumat yoxdur. Ola bilər ki, fərdlərin optimallaşdırılması üçün belə bir addım atılsın. Amma AZAL rəhbərliyi bunu izah etsəydi, daha yaxşı olardı. Ümumiyyətlə isə xoş görüntü deyil. Çünki Azərbaycanın yeganə "low-cost" şirkəti bağlanır və ana şirkətə birləşdirilir. Digər tərəfdən AZAL-ın qiymətlərinin eyni istiqamətdə "Buta"dan yüksək olduğunu nəzərə alaraq deyə bilərik ki, indi eyni brend altında daha baha uçacıyıq. Düzdür heç "Buta"da "low-cost" məntiqi ilə çalışmırdı. Amma sual yaranır ki, onsuz da "Buta"nın fəaliyyətinə AZAL nəzarət edirdi, niyə eyni brend altında birləşməyə ehtiyac yarandı. Bax, bu mövzuda rəsmilər məntiqli açıqlama versələr, daha məqsədəuyğun olar. Ona görə ki, hazırkı vəziyyət qiymətlərin artacağı ehtimalını yüksəldir".