"Dağıntılar təkcə zəlzələnin gücündən deyil, tikintilərin keyfiyyətindən asılıdır".
Bunu "Sherg.az"a seysmoloq Ənvər Əliyev son günlər Azərbaycanda baş verən zəlzələlərdən danışarkən deyib. Onun sözlərinə görə, insanı yeraltı təkanlar yox, uçan evlər öldürür:
"Orta əsrlərdə Şamaxıda 1667-ci il zəlzələsi 60 mindən artıq insanın həyatını itirməsinə səbəb oldu. Bundan başqa, indiyə qədər ən güclü zəlzələlər biri Gəncə, digəri Naxçıvanda baş verib. İnsan tələfatının əsas səbəbi ovaxtkı evlərin düzgün texnologiya ilə tikilməməsi və seysmoloji vəziyyətin nəzərə alınmaması idi. Hazırkı zamana qədər Bakıda dağıntılara yol açacaq yeraltı təkan qeydə alınmayıb. Narahat olmağa dəyməz. Zəlzələnin gücü dağıntıların təzahürüdür. Məsələn, 5 və ya 6 bal gücündə baş verən zəlzələnin nə qədər ərazidə dağıntılara səbəb olacağı müəyyən edilə bilər. Son vaxtlar qeydə alınan zəlzələlər səbəbilə bəzi tapşırıq, iradların nəticəsində Azərbaycanın tikinti texnologiyasında da ciddi dəyişikliklər baş verəcək. Ölkəmizdə heç bir tikinti şirkəti inşa etdiyi binaların keyfiyyətinin aşağı olduğunu qəbul etmir. Adını çəkmək istəmədiyim bir məmur mətbuata açıqlamasında etiraf etdi ki, övladının həmin evlərdə yaşamasını istəməz. O şəxs düzgün ifadə işlətmədi. Belə adamları çıxmaq şərtilə və tarix boyunca Bakıda dağıdıcı zəlzələnin olmadığını nəzərə alsaq, binaların müasir texnologiyanın tələblərinə uyğun tikilməsi rahatlığımıza əsas verir. Məsələn, Türkiyədəki zəlzələ Yaponiya ilə müqayisədə güclü deyil. Dağıntılar altında qalanların günahı, məsuliyyəti tikinti şirkətlərinin üzərindədir. Narahatlığa əsas yoxdur. Zəlzələnin baş verməsi təbii haldır".
Qeyd edək ki, avqustun 14-də yerli vaxtla saat 00:08-də Quba rayonunda zəlzələ qeydə alınıb. Bbarədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.
Xatırladaq ki, avqustun 9-da yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb. Avqustun 12-də Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda ard-arda iki zəlzələ qeydə alınıb. İlk zəlzələ 4,8, ikinci dəfə isə 4,5 bal gücündə baş verib.