Vüqar Tofiqli: "Təəssüf ki, paytaxtımız nə yaya uyğunlaşdırılır, nə də qışa"

Bakı Bulvarında ağaclar susuz qalıb 

Qızmar yay günlərinin ən böyük problemlərindən biri də yaşıllıqların saralmasıdır. Əlbəttə ki, susuzluqdan. Nəinki paytaxtda, bütün dünyada su qıtlığı yaşanır, deyə bilərsiz. Amma paytaxtımızda içməli sudan hələ də avtomobillərin yuyulması, su kəmərlərinə qanunsuz qoşulmalar, ayrı-ayrı şəxslərin villa və bağ evlərinin həyət-bacasında növbənöv ağaclar, dekorativ kollar, gül-çiçək səhər-axşam bolluca suvarılırsa, “Bəyin oğurlanmasında”kı Amanoğlunun təbirincə desək, o sudan Bakı Bulvarında niyə yoxdu?!. Həmkarımız, peşəkar jurnalist Aida Eyvazlı bu günlərdə Bakı Bulvarında olub və ağacların susuzluqdan yandığını əks etdirən videonu sosial şəbəkədə paylaşıb. Paylaşımına “44 dərəcə istidə Dənizkənarı parkda susuzluqdan yanan ağaclara yazığım gəldi...” sözlərini əlavə edib. Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Yaşıllaşdırma İdarəsi, Bakı Şəhər Bulvarını da teqləyən jurnalist xanım, bununla yəqin ki, əlaqədar qurumların diqqətini problemə yönəltmək istəyib. Həmkarımızın paylaşımına rəy yazanlarsa “bir azdan Bakıda ümumiyyətlə yaşıl bitki qalmayacaq” rəyini qeyd edib. Filmlərdən xatırlayırıq ki, vaxtilə paytaxt küçələri su maşınlarından fışqıran su sayəsində qəşəngcə yuyulurdu. Ağaclar da, parklar da vaxtlı-vaxtında suvarılırdı. Parkların suvarılmadığını demək, haqsızlıq olar. Amma hansı su ilə, içməli, yoxsa texniki, bu, hələ də müəmmalıdır. Parklar suvarılırsa, paytaxtın əsas istirahət mərkəzi olan Bakı Bulvarında niyə belə bərbad vəziyyət yaranıb? 
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında yay mövsümü üçün əlaqədar təşkilatların xüsusi fəaliyyət planının olmasının vacibliyindən danışdı: 
- İstər Bakı Şəhər İcra Hakimiyyəti, istər Yaşıllaşdırma İdarəsi, Bulvar İdarəsi, ya da rayon icra hakimiyyətləri yay mövsümü üçün xüsusi plan tərtib etməlidir. Hər birinin kompetensiyasına daxil olan ərazilərdə suvarma necə, hansı qrafiklə aparılacaq, dəqiqləşməlidir. Paytaxtda gözəl parklarımız, əyləncə mərkəzləri çoxdur. Hamısında da gözoxşayan yaşıllıqlar salınıb. Xarici ölkələrdən müxtəlif kollar, indiyədək görmədiyimiz ağac, kol, gül növləri gətirdib əkiblər. Bu, yaxşı. Amma bunlara qulluq edilməyəcəksə, əkilməyinin nə mənası? Bakı Bulvarı əsas istirahət zonasıdır. Oranı hər gün nə qədər insan ziyarət edir, eləcə də turistlər, ölkəmizə gələn qonaqlar. Ağacların bu şəkildə susuz qalması, suvarılımaması dəhşətdir. Özü də indiki qızmar günlərdə. 
V.Tofiqli paytaxtda fəvvaralərin də yay mövsümündə daimi işləməsinin təmin edilməli olduğunu dedi: - Suya qənaət lazımdır. Amma çoxumuz bilirik ki, fəvvarələrdə su dövr edir, yəni itki az olur. Yayda fəvvarələr şəhərə xüsusi yaraşıq verir, həm də sərinlik gətirir. Ümumiyyətlə, əlaqədar qurumlar çalışmalıdır ki, paytaxt yay mövsümünə uyğun olsun. Lakin təəssüf ki, paytaxtımız nə yaya uyğunlaşdırılır, nə də qışa. Yerli-yersiz tikililər sayəsində yaşıllıqlar o qədər azalıb ki, şəhər saçı tökülmüş adama bənzəyir, kölgəliklər çox azdır deyə, sakinlər evdən çıxmaq istəmir, qışda da yolların, səkilərin, park döşəmələrinin sürüşkənliyi ucbatından evdən çıxmağa qorxur camaat.