"Boşanmanı çox adiləşdiriblər. Hazırda boşanma insanların evlənməkdən daha çox baş vurduqları prosedurdur".
Bunu "Sherg.az"a sosioloq Lalə Mehralı Azərbaycanda boşanmaların sayının artmasından danışarkən deyib. O bildirib ki, evlilik ərəfəsi çox əziyyətli, xərcli prosesdir:
"Evlənirlər və 3-5 aydan sonra məlum olur ki, boşanıblar. Bəhanələr çoxdur. "Yola getmirik", "bir-birimizə dözə bilmirik", "münasibətimiz alınmır" kimi bir çox lazımsız, gərəksiz səbəblər sadalayırlar. Əslində insanlar danışa-danışa, müzakirə apara-apara hər şeyin öhdəsindən gələ bilərlər. Sadəcə buna gərək duymur, hər iki tərəf qarşısındakını anlamaq istəmir, empatiya qurmur, biri-birinin aqressiyasına tuş gəlir, güzəştə getmirlər. Ailə güzəşt, empatiya və səbrin birlikdə var olduğu qurumdur. Nəsə çatışmırsa, təbii ki, laxlama və zamanla süqut baş verəcək. Ona görə də evlənəndə yüz ölçüb, bir biçmək lazımdır ki, bu cür problemlər də yaranmasın. İnsanlar boşanmaya su içmək kimi baş vururlar".
Qeyd edək ki, Azərbaycanda boşanmaların sayı artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.