"Fazil Mustafanın qonaq olduğu verilişə sona kimi baxdım. Möhtəşəm müsahibə idi. Çox təqdir etdim".
Bunu "Sherg.az"a ilahiyyatçı-alim Elşad Miri Fazil Mustafanın dindarların söyüş söyməsi ilə bağlı bildirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, deputatın söylədiyi fikirləri dinlədikdən sonra o müdrik insanın (Fazil Mustafa - red.) sağ qalmasına çox sevinib:
"Bəzən mən də sosial şəbəkələrdə söyüşlərə tuş gəlirəm. Biri hansısa paylaşımın rəy bölməsində öz məzhəbini, dini əqidəsini müdafiə etməyə çalışarkən təhqirə keçir, söyüş söyür, hətta ailə məsələlərini gündəmə gətirir. Bəzi hallarda həmin insanlardan soruşuram ki, həqiqətən, məzhəbin, əqidən, dinin bu cür yazmağı istəyirdimi?! Məhəmməd Peyğəmbərin yaşadığı dövrdə onun iki qızını da dini təbliğ etdiklərinə görə boşayırlar. Həmçinin başqa əzab-əziyyətlər çəkir. Peyğəmbər ona qarşı çıxanlara söyüşlə müraciət edirdi?! Yoxsa sadəcə həmin insanları başa salmağa çalışırdı?! Bu kimi səbəblərdən onları hər zaman dindar yox, "dini dar" adlandırıram".
Qeyd edək ki, Baku TV-də yayımlanan "Qapqara” verilişinin növbəti buraxılışının qonağı millət vəkili Fazil Mustafa olub.
Deputat verilişdə ən çox söyüş söyənlərin dindarlar olduğunu deyib:
"Söylədiklərimi bəyənmirsinizsə, mənimlə müzakirəyə çıxın. Kiminsə hansısa fikrini bəyənməyəndə onu söyməməlisiniz”.