"Yeni tədris ilinə az qalıb. Artıq valideynlər övladları üçün məktəb ləvazimatları alırlar".
Bunu "Sherg.az"a iqtisadçı Ruslan Atakişiyev məktəb ləvazimatlarının bahalaşmasından danışarkən söyləyib. Onun sözlərinə görə, Azərbaycanda illik inflyasiya dərəcəsi 14 faiz ətrafında dövr edir:
"Pul tədricən dəyərdən düşür. Məktəb ləvazimatları və geyimlərin çoxu Çin, Rusiya, Türkiyə kimi müxtəlif qonşu ölkələrdən gətirilir. Rusiya-Ukrayna münaqişələri fonunda kağızın qiymətinin artdığını da gördük. Bu da istər-istəməz nəinki məktəb ləvazimatlarının, ümumilikdə çap məlumatlarının bahalaşmasına gətirib çıxardı. Artıq yeni bir iqtisadi reallıq yaşamağa öyrəşməliyik. Reallıq ondan ibarətdir ki, gəlirimizin qalxmasını arzulayırıq. Amma qazanc artsa da, heç bir müsbət nəticəsi olmur, fərq etmir. Bu da gəlirimizin nominal və real dəyərdən ibarət olduğunu göstərir. Ümumiyyətlə, məktəb ləvazimatlarının çoxu Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir. Ölkədə hazırlanan məhsulun belə xammalı digər ölkələrdən idxal edilir. Yəni burada istehsal olunsa da, ucuz satılmasını gözləməyək. Bütün hallarda həm daxili, həm xarici baxımdan inflyasiyanın təsiri, malların gətirilmə yerləri, keyfiyyətindən asılı olaraq, qiymətlər də dəyişir. Bazarda da hər qiymətə məhsulun satışı həyata keçirilir. Amma keyfiyyət fərqləri də var. Ona görə də real bazar istər-istəməz alıcıya uyğun məhsul təqdim edir".
Qeyd edək ki, Azərbaycanda yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Hazırda valideynlər övladları üçün münasib qiymətə məktəb ləvazimatları almaq axtarışındadırlar. Mağazalarda ləvazimatlar bol olsa da, qiymətlərdə artım var. Bahalaşma övladını məktəbə yeni əşyalarla, ləvazimatlarla yola salmaq istəyən valideynləri çətin vəziyyət qarşısında qoyur.