"Bəzi iaşə obyektlərində, həmçinin qida istehsalı müəssisələrində qida təhlükəsizliyi normaları pozulur, antisanitar şərait hökm sürür, nəzarətdən kənar fəaliyyət baş verir. Analoji hallarla Azərbaycanla yanaşı əksər inkişaf etməkdə olan ölkələrdə də tez-tez rastlaşırıq".
Bu sözləri "Sherg.az"a qida mütəxəssisi Asim Vəliyev qida obyektində antisanitar vəziyyətin aşkarlanmasından danışarkən deyib. Onun sözlərinə görə, hazırda qida təhlükəsizliyinin idarə edilməsi üçün ən çox istifadə olunan sistem HACCP-dir (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri):
"Bu sistem qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların eyniləşdirilməsi, qiymətləndirilməsi və onlara nəzarət mexanizmidir. Təəssüf ki, bir çox qida istehsalı müəssisələri qazancı insan sağlamlığından üstün tutur, lazımi qaydaları öz müəssisələrində tətbiq etmirlər. Çünki bu sistemi tətbiq etmək üçün xeyli maliyyə vəsaitinə ehtiyac var. Nöqsanların aşkarlanması həm də müəssisə rəhbərinin səhlənkarlığı, məlumatsızlığından da irəli gəlir. 2023-cü ilin yanvar ayından qüvvəyə minən Qida Təhlükəsizliyi Haqqında qanununun 16.2 və 16.3 bəndinə müvafiq olaraq “Qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.
Həmçinin qida və yem məhsullarının istehsalı, emalı, saxlanması, satışı üçün istifadə edilən binaların, həmçinin yardımçı və sanitar-məişət binalarının avadanlığı, ərazisi, su təchizatı və kanalizasiya sistemi, qızdırılması, ventilyasiyası (havalandırılması), işıqlandırılması, işçi heyətinin iş şəraiti qida təhlükəsizliyinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Artıq bu istiqamətdə aidiyyəti qurum olan Qida Təhlükəsizliyi Agentliyi zəruri işlər həyata keçirməyə başlayıb. Nəzərə alsaq ki, ölkədə qida istehsalı ilə məşğul olan minlərlə qeydiyyatlı və qeydiyyatsız müəssisə var. Bu kimi pozuntuların qarşısını almaqda aidiyyəti qurumla yanaşı vətəndaş cəmiyyəti təşkilatları da fəal olmalı və ictimai nəzarəti təşkil edərək, aidiyyəti quruma bu yöndə kömək etməlidir. Dövlət, vətəndaş cəmiyyəti təşkilatları və media üçlüyü olaraq, problemin öhdəsindən gəlmiş olarıq".
Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Gülbalayev küçəsi, 9 ünvanında fəaliyyət göstərən “Təndirçi” qida obyektində antisanitar vəziyyətin olması ilə bağlı vətəndaş Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Qurumdan verilən məlumata görə, agentlik əməkdaşları fiziki şəxs Mahirə Əhəd qızı Hüseynovaya məxsus qida obyektində plandankənar yoxlama keçiriblər. Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, obyektdə xammal və inqrediyentlərin xarabolma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmadığı, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, sanitar qovşağın emal sahəsində yerləşdiyi, tullantıların ağzı kip zibil qutularında saxlanılmadığı, mexaniki havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədikləri və dolablar, sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, qanunvericiliyə uyğun tədbir görülüb.